27 sentyabr - Anım Gününun beşinci ildönümü ilə bağlı Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib və ağacəkmə aksiyası təşkil olunub
27 sentyabr - Anım Gününun beşinci ildönümü ilə bağlı Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhid anası Tangiz Hacıismayılova, Gülnar İsgəndərova, şəhidlərin yaxınları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi nəticəsində tariximizə yazılmış şanlı salnamədir.
Vurğulanıb ki, artıq respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Vətən müharibəsindən sonra regionda yeni reallıqlar formalaşıb, Azərbaycanın bu gün Cənubi Qafqazın aparıcı gücü olaraq sülhün və təhlükəsizliyin təminatçısına çevrilib.
Qeyd olunub ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, “Anım Günü” ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri şəhid ailələri ilə görüşmüş, şəhidlərin məzarlarını ziyarət edilmişdir, şəhid ailələrinə maddi köməklik göstərilmişdir, məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
Sentybarın 27-də rayon ərazisində şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.







