Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərinin qazlaşdırılmamış məhəllələrinə “mavi yanacaq” verilmişdir

20 sentyabr 2013 | 15:00

Şəkinin yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
    Sentyabrın 19-da Şəki şəhərinin indiyədək qazlaşdırılmamış Novruz küçəsinə və Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən 124-cü kvartalın yeni yaşayış massivinə “mavi yanacağın” verilməsinə başlanmışdır.
    Şəhər rəhbərliyinin, Milli Məclisin deputatları Yaqub Mahmudovun və Cavanşir Feyziyevin, məhəllə sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində çıxış edənlər əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışmışlar. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Şəkinin yaşayış məntəqələrinin də qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
     ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qaza olan tələbatını tam ödəmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturunda mövcud olan problemlər aradan qaldırılır.
     Bildirilmişdir ki, cari ilin əvvəlindən Şəki rayonu üzrə təbii qaz istifadəçilərinin sayı xeyli artaraq 20 min 600 abonentə çatmışdır. Hazırda rayonun Baş Zəyzid kəndində, habelə Oxud və Kiş kəndlərinin genişləndirilmiş ərazilərində məhəllədaxili qaz xətlərinin çəkilişi davam etdirilir. Diqqətə çatdırılmışdır ki, şəhərin Novruz küçəsinin sakinləri indiyədək təbii qazdan istifadə etməmişlər. Bu gündən bu məhəllədə daha 48 abonent təbii qazdan istifadə edəcəkdir. Yeni yaşayış massivinin 124-cü məhəlləsində isə ilkin olaraq 40 abonentə təbii qaz veriləcəkdir. Yaxın vaxtlarda ərazidə yaşayan digər ailələr də təbii qazla təmin olunacaqlar.
     Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə “mavi yanacaq” verilmişdir.

Keçidlər