Dubay Məhkəmələri Departamentinin baş direktoru Şəkidə olmuşdur
Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələri Departamentinin baş direktoru Dr. Əhməd Səid bin Həzimi və onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Şəkidə olmuşdur.
Səfər çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, qədim tarixi abidələri ilə tanış olmuşlar.
Nümayəndə heyətinin üzvləri əvvəlcə Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət etmişlər. Nümayəndə heyətinin üzvlərini məbədin həyətində Şəki Şəhər İcra Hakimyyətinin başçısı Elxan Usubov qarşılamışdır. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu məbəd erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xanlarının sarayı, XVIII–XIX əsrə aid tarixi-memarlıq abidələri olan “Yuxarı Karvansaray” və “Aşağı Karvansaray”, XVIII əsrə aid “Şəki xanlarının evi” ilə də tanış olmuşlar.
Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xanlarının sarayı ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur. Qonaqların diqqətinə çatdırılmışdır ki, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə tikilmişdir. 2012-ci ildə Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.
Həmin gün Dubay Məhkəmələri Departamentinin baş direktoru Dr. Əhməd Səid bin Həzimi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanış olmuşlar.
Qonaqlar Şəkidən xoş təəssüratla ayrılmışdır.