Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin seçki məntəqələri səsverməyə tam hazırdır

20 sentyabr 2013 | 15:00

Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrinin tərkibinə daxil olan seçki məntəqələrində oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə son hazırlıq işləri görülür.
    113 saylı Şəki şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bildirmişdir ki, son dəqiqləşdirmələrə görə, dairə üzrə 35 min 751 seçici qeydə alınmışdır. Səsvermə dairənin 27 seçki məntəqəsində keçiriləcəkdir. Bütün məntəqələr zəruri avadanlıqla, habelə müxtəlif təlimatlar, müşahidəçilər üçün yaddaş kitabçaları və digər vəsaitlərlə təmin olunmuşdur. Səsvermənin gedişini izləmək üçün 15 məntəqədə veb-kamera quraşdırılmışdır. Bundan əlavə, əlillərin rahat səs vermələri üçün 4 məntəqədə panduslar qoyulmuşdur. İndiyədək 59 müşahidəçi qeydiyyatdan keçmişdir.
    Dairənin tərkibinə daxil olan 19 nömrəli seçki məntəqəsi yeni təmir olunmuş 28 nömrəli uşaq bağçasının binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Ulduz Hüseynova demişdir ki, seçkilərin şəffaf və demokratik keçməsi, ilk növbədə, məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun təşkilindən asılıdır. Odur ki, komissiya üzvləri üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir, səsvermə gününə çox ciddi hazırlaşırlar. Məntəqə üzrə 1480 nəfər seçici qeydə alınmışdır. İndiyədək 3 vətəndaşa qeydiyyatdançıxma vəsiqəsi verilmişdir. Məntəqədə səsvermə prosesi veb-kamera vasitəsilə müşahidə olunacaqdır.
    114 saylı Şəki kənd birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Məharət Məmmədovun verdiyi məlumata görə, seçkilərin keçiriləcəyi 40 seçki məntəqəsinin hər birində səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Seçkilərə beş gün qalmış dairənin ərazisində yerləşən “N” saylı hərbi hissədə daha bir seçki məntəqəsi yaradılacaqdır. Yeddi seçki məntəqəsində veb-kamera qoyulmuşdur. Son dəqiqləşdirməyə görə, dairə üzrə 36 min 940 seçici qeydə alınmışdır. İndiyədək 17 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilmişdir.
     115 saylı Şəki kənd ikinci seçki dairəsinin tərkibində olan 42 seçki məntəqəsində də prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim-plana uyğun davam etdirilir. Dairə seçki komissiyasının sədri Rasim Əzizov bütün seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətdə olduğunu bildirmişdir. Seçki məntəqələrinin yerləşdiyi ərazilərdə seçkiqabağı təşviqatın aparılması, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Bütün məntəqələr elektrik generatorları, etibarlı rabitə ilə təmin olunmuşdur. Hazırda seçki məntəqələrində seçicilərə paylanmaq üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər hazırlanır. Müraciətlər əsasında indiyədək 10 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilmişdir.

Keçidlər