Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə seçki hüququ ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

24 sentyabr 2013 | 15:00

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Mərkəzi Seçki Komissiyası ilə birgə sentyabrın 23-də Şəki şəhərində seçki hüququ ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
     Tədbirdə Şəki-Zaqatala bölgəsi rayonlarının və Mingəçevir şəhərinin icra hakimiyyəti başçılarının müavinləri, hüquq mühafizə orqanlarının rəhbər və məsul işçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə ATƏT-in bölgədə fəaliyyət göstərən uzunmüddətli müşahidə missiyasının üzvləri, QHT nümayəndələri iştirak etmişlər.
Insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova tədbir iştirakçılarına ölkəmizdə insan hüquqlarının müdafiəsi və vətəndaşların seçki hüququnun təmin olunması sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Ombudsman demişdir: Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur. Seçki hüququ insanlara idarəetmədə yaxından və bilavasitə iştirak etmək imkanı yaradır. Prezident seçkilərində, habelə parlamentə və bələdiyyələrə keçirilən seçkilər zamanı biz vətəndaşlıq borcumuzu yerinə yetirməklə, ölkəmizin demokratik, hüquqi dövlət quruculuğu yolunda daha da irəli getməsinə dəstək vermiş oluruq.
     Hazırda respublikamızın hər yerində oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinə ciddi hazırlıq işlərinin görüldüyünü nəzərə çatdıran Elmira Süleymanova əhalinin seçkilərdə fəal iştirakının, seçkilərin demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini xüsusi vurğulamışdır.
    MSK katibliyinin təşkilat şöbəsinin baş məsləhətçisi İlham Yusifov tədbirdə çıxış edərək seçkilərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsinin əhəmiyyətinə toxunmuş, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində yerli icra hakimiyyəti strukturlarının, hüquq mühafizə orqanlarının, dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışmışdır.
Tədbirdə, həmçinin yerli icra hakimiyyətlərinin məsul nümayəndələri, dairə seçki komissiyalarının sədrləri çıxış etmiş, seçkilərə hazırlıqla bağlı görülən işlərdən danışmışlar.
    Daha sonra iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.

Keçidlər