Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yeni səhiyyə obyektləri istifadəyə verilmişdir

24 sentyabr 2013 | 15:00

Şəkinin səhiyyə ocaqlarının maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
     Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilmişdir.
     Yeni səhiyyə obyektlərinin istifadəyə verilməsi münasibətilə sentyabrın 23-də bu kəndlərdə açılış mərasimləri keçirilmişdir.
     Kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimlərdə çıxış edənlər son illər ölkəmizdə, eləcə də Şəki rayonunda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar. Bildirilmişdir ki, yüksək standartlara cavab verən müasir xəstəxanaların istifadəyə verilməsi ölkəmizdə səhiyyə sahəsinə, insanların sağlamlığına diqqət və qayğının bariz nümunəsidir. Qeyd olunmuşdur ki, yüksək keyfiyyətli tibbi avadanlıqla təchiz olunmuş bu səhiyyə ocaqları şübhəsiz ki, bu ərazidə yaşayan əhalinin əlavə vaxt sərf edərək Şəki və digər şəhərlərə getmək problemlərini aradan qaldıracaqdır. Yeni səhiyyə obyektləri ümumilikdə bu ərazidə yaşayan 40 minə yaxın sakinə xidmət göstərəcəkdir.
     Sonra mərasim iştirakçıları yeni səhiyyə obyektlərində yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər