Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul etmişdir
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 27-də Şəki regional ədliyyə şöbəsində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların qəbulunu keçirmişdir.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış sentyabrın 24-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla anmışlar.
İki gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə işə qəbul və digər məsələlərlə bağlı 180-dən çox vətəndaşın müraciəti dinlənilmişdir. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapmış, digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda, eyni zamanda, vətəndaşların ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərinə də baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Nazir Fikrət Məmmədov, həmçinin Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edəcək müasir məhkəmə kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.