Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri Şəkidə vətəndaşları qəbul etmişdir

28 sentyabr 2013 | 15:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Sentyabrın 27-də nəqliyyat naziri Ziya Məmmədov Şəki Olimpiya İdman Kompleksində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nazirliyin struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətləri, şikayət və təklifləri dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, kəndlərarası və kənddaxili yolların bərpası, körpülərin salınması, keçidlərin tikintisi, işlə təmin edilmək və digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlərin operativ həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Nazirliyin səlahiyyətlərinə aid olmayan, o cümlədən şəxsi xarakter daşıyan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Qəbulda vətəndaşların diqqətinə çatdırılmışdır ki, son illər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq respublikamızın əksər rayonlarında, o cümlədən bu bölgədə də yaşayış məntəqələrini birləşdirən avtomobil yolları yenidən qurulur, əsaslı təmir olunur, yeni yollar çəkilir, körpülər salınır. Bütün bunlar Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafına diqqət və qayğısının bariz nümunəsidir.
Nazir Ziya Məmmədov bildirmişdir ki, regionlarda keçirilən qəbullar zamanı indiyədək beş yüz kilometrdən artıq avtomobil yolunun yenidən qurulması ilə bağlı müraciətlər olmuşdur. Bu müraciətlərdə qaldırılan məsələlərin həlli üçün nazirlik tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Keçidlər