Şriftin ölçüsü :

Saytın rəngi :

İsrailin Azərbaycandakı səfiri Şəkidə olmuşdur

02 oktyabr 2013 | 15:00

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində oktyabrın 1-də Şəki şəhərində olmuşdur.
    Səfir Rafael Harpaz şəhər icra hakimiyyətində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür. Görüşdə səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat verilmişdir. Qonağın diqqətinə çatdırılmışdır ki, Şəki dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə də məşhurdur. Bölgənin sənaye potensialının böyük hissəsini özündə cəmləşdirən bu şəhərdə qədim ipəkçilik ənənələri indi də davam etdirilir. “Şəki-İpək” ASC-nin istehsal etdiyi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur.
    İsraillə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirildiyini vurğulayan səfir Rafael Harpaz regionlara səfərinin mövcud münasibətləri daha da dərinləşdirmək və genişləndirmək məqsədi daşıdığını bildirmişdir. Səfir gələcəkdə quşçuluq təsərrüfatlarının və şitilxanaların yaradılmasında, turizm və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırmışdır.
     Səfirə Şəki ilə bağlı buklet və kitablar hədiyyə olunmuşdur.
     Daha sonra səfir və onu müşayiət edən şəxslər şəhərin görməli yerlərini gəzmiş, Kiş kəndindəki erkən orta əsrlərə aid qədim alban məbədini,  Azərbaycan milli memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayını, XVIII–XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray”ı ziyarət etmiş, “Şəki-İpək” ASC-də, şərab zavodunda  olmuşlar.

Keçidlər