Şəkidə beynəlxalq elmi konfrans keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın işində Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər iştirak etmişlər.
“Şəki-Palas” otelinin konfrans zalında keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq ortaq türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş belə bir mühüm konfransın Şəkidə keçirilməsinə görə AMEA-nın Tarix İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, dünyanın müxtəlif ərazilərinə yayılmış türkləri ortaq adət-ənənələr, musiqi, folklor birləşdirir. “Kitabi-Dədə Qorqud”, “Oğuz Xaqan”, “Manas”, “Koroğlu” dastanları ümumi türk mədəniyyətinin ən qiymətli abidələri hesab olunur. Bildirilmişdir ki, bu gün türk xalqlarının ortaq tarixinin yazılmasına çox böyük ehtiyac vardır. Bu baxımdan konfransın keçirilməsi olduqca aktualdır. Diqqətə çatdırılmışdır ki, konfransın keçirildiyi Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə türk xalqlarının qeyri maddi-mədəni irs paytaxtı elan edilmişdir. Hər il bu şəhərdə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivalda türkdilli ölkələrdən gəlmiş musiqi kollektivləri də iştirak edirlər. İcra başçısı bu konfransın da ənənəvi xarakter alacağına əminliyini bildirmişdir.
Konfransda AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, türk dünyası ilə bağlı çox önəmli bir tədbirin Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Şəki türk dünyasının ən qədim şəhərlərindən biridir. Şəkinin tarixi dünya türklərinin tarixidir. Hamı bilməlidir ki, qədim türklərin Şəki kimi 2700 illik tarixi olan qədim bir şəhəri vardır.
Yaqub Mahmudov bildirmişdir ki, bugünkü dünyada türkün ümumi, vahid tarixini yazmaq son dərəcədə önəmli bir məsələdir. Bunu tarix, zaman qarşımıza qoyur. 20 ildən çoxdur ki, bu istiqamətdə söhbətlər gedir, konfranslar keçirilir. Ancaq çox təəssüf ki, ortalıqda dəyərli, əməli bir iş yoxdur. Tarixçi alim Şəki konfransında bu sahədə mühüm addımların atılacağına əminliyini bildirmişdir.
Konfransda Türkiyənin “Atatürk Araşdırma Mərkəzi”nin sədr müavini, professor Nihat Büyükbaş “Ortaq tarix kitabının yazılması və önəmi”, Türkiyənin tanınmış tarixçi alimləri Selma Yel “Türk dünyasının ortaq dəyərlərinin öyrənilməsi”, Mustafa Budaq “Ortaq türk tarixinin araşdırılmasında Başbakanlıq Osmanlı Arxivindəki sənədlərin rolu”, professor Cezmi Eraslan “Ortaq tarixə birlikdə baxışın zəmini nə olmalıdır və necə hazırlanmalıdır?” mövzularında məruzələr etmişlər. Qeyd olunmuşdur ki, ortaq türk tarixinin araşdırılması, ortaq tarix kitabının yazılması ciddi əsaslara, dəqiq tarixi mənbələrə söykənməlidir.
Tədbirdə, həmçinin Özbəkistandan gəlmiş tarixçi alim, professor Şohistaxon Uljayevanın “XIV-XV əsrlərdə Böyük İpək Yolu tarixinin tədqiqi problemləri”, Qazaxıstan alimi Sattar Majidovun “Ortaq türk tarixinin araşdırılmasının nəzəri, metodoloji və praktiki tərəfləri”, həmçinin Qırğızıstandan gəlmiş alim Doolotbek Saparaliyevin, Türkiyədən Rahilə Şükürovanın, Dağıstandan Rabadan Sultanbekovun və digər alimlərin mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Beynəlxalq konfransın ikinci günü tədbir iştirakçıları şəhərin görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar. Azərbaycan memarlığının nadir incilərindən olan XVIII əsrə aid tarix-memarlıq abidəsi Şəki xanlarının sarayı, yenicə əsaslı təmir olunmuş XVIII əsrə aid tarixi abidə olan “Şəki xanlarının evi”, habelə XIX əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur. Qonaqlar Şəki Musiqi Kollecində maraqlı konsert proqramını da izləmişlər.
Daha sonra konfrans iştirakçıları Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə gələrək burada yerli komandaların iştirakı ilə xalqımızın qədim atüstü milli oyunlarından olan çövkən oyununu izləmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, 2006-cı ildə yaradılan bu mərkəzdə hər il xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan, habelə Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı keçirilir.
Konfransda iştirak edən ölkələrin nümayəndələri gələcəkdə bu Mərkəzdə türkdilli ölkələrin komandalarının iştirakı ilə çövkən oyunu üzrə beynəlxalq turnirlərin keçirilməsi barədə təklif irəli sürmüşlər.
Beynəlxalq Elmi Konfransın iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar.