Şriftin ölçüsü :

Saytın rəngi :

Yaqub Mahmudov: Hamı bilməlidir ki, dünyanın bugünkü mədəniyyət zirvəsinə ucalmasında türklərin böyük rolu vardır

04 oktyabr 2013 | 15:00

20 ildən artıqdır ki, ortaq türk tarixinin yazılması ilə bağlı müxtəlif forumlar keçirilir, toplantılar olur. Hər yerdə deyirlər ki, türk dünyasının ümumi tarixini araşdıraq. Qərarlar qəbul olunur, bir-birimizə söz verib ayrılırıq. Lakin çox təəssüf ki, ortalıqda real bir iş, nəticə yoxdur. Bunu nəzərə alaraq Azərbaycan tarixçiləri bu çətin işi öz öhdələrinə götürmüşlər.
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Şəki şəhərində keçirilən ortaq türk tarixinin araşdırılmasına dair birinci Beynəlxalq elmi konfransı zamanı jurnalistlərə müsahibəsində söyləmişdir.
Düz bir il əvvəl Şəkidə Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ilə Azərbaycan tarixçilərinin görüşünü xatırladan institutun direktoru bildirmişdir ki, bu görüş zamanı qərara alınmışdır ki, türk dünyasının tarixçiləri tarixə obyektiv yanaşaraq ortaq tarixlərini yazmalıdırlar. İmkan verməməlidirlər ki, dünyanın bəzi ölkələrində, o cümlədən Ermənistanda tariximizi, ümumi türk tarixini təhrif etsinlər.
Yaqub Mahmudov demişdir: “Dünyada böyük-kiçiyə münasibət müxtəlifdir. Yəni Napoleona münasibət başqadır, Bismarka yanaşma başqadır. Ancaq Sultan Süleymana, Şah İsmayıla, Əmir Teymura çatanda, onlar haqqında çox mənfi fikirlər söyləyirlər. Halbuki onların hamısı eyni dərəcədə böyük dövlət adamlarıdır. Biz bu qeyri-obyektiv münasibəti aradan qaldırmaq istəyirik. Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları həyata keçirilmişdir. Biz istəyirik ki, türk dünyası ölkələrinin hamısında bu soyqırımları barədə məlumat tarix kitablarında öz əksini tapsın. Şərqi Anadoluda, Güney Azərbaycanda soyqırımları həyata keçirilmiş, xalqımızın başına olmazın fəlakətlər gətirilmişdir. Biz istəyirik ki, bu tarixlər ölkələrin hamısında eyni dərəcədə obyektiv işıqlandırılsın. Nəhayət, Qərb dünyası görsün, ATƏT-in Minsk qrupunun buraya gələn təmsilçiləri hiss etsinlər ki, onların gəldikləri ölkə qədim mədəniyyət ölkəsidir”.
Yaqub Mahmudov demişdir: “Şadam ki, 2700 illik tarixi olan, Sak türklərinə bağlı, qədim Azərbaycan şəhərində türk dünyasının ortaq tarixinin yazılması yolunda ilk addımlar atılır. Biz yekdilliklə razılığa gəldik, bu tarixi yazmaqdan ötrü ilk addımlarımızı atmalıyıq. Birinci addımımız “Türkün məşhurları” adı altında ayrıca kitabın buraxılması olacaqdır. O kitaba Şah İsmayıl da, Sultan Səlim də, Əmir Teymur da düşəcəkdir. Yəni, hamımız birlikdə bu tarixi şəxsiyyətlərə düzgün qiymət verəcəyik. Daha sonra tarixdə olan türk dövlətləri barədə kitab buraxacağıq. Bu ölkələrin hamısının tarixini obyektiv işıqlandıracağıq. Üçüncü kitabımız isə türk dünyasının ümumi tarixi ilə bağlı olacaqdır. Arzumuz budur ki, türk dünyasının tarixində Azərbaycan da öz layiqli yerini tutsun”.
Tarix İnstitutunun direktoru demişdir ki, nə üçün bütün Şərqdə birinci Cümhuriyyət yaradan Azərbaycanın bu tarixi rolu türk dünyasında, eləcə də dünyada qəbul olunmasın? Nə üçün Mirzə Fətəli Axundzadənin təklifi ilə yeni əlifbaya keçən Azərbaycanın bu tarixi rolu qəbul olunmasın? Y. Mahmudov demişdir: “Biz istəyirik ki, bütün bunların hamısı türk dünyasının tarixində düzgün əksini tapsın. Azərbaycanın yeri, Türkiyənin yeri, Orta Asiya türklərinin, dünya türklərinin yeri dəqiq görünsün. Hamı bilməlidir ki, dünyanın bugünkü mədəniyyət zirvəsinə ucalmasında türk xalqlarının, o cümlədən Azərbaycanın çox böyük rolu vardır. Biz yola çıxdıq, razılığa gəldik və bu işləri görəcəyik. AMEA-nın Tarix İnstitutu artıq bu işləri başlamışdır və biz bu işləri davam etdirəcəyik”.

Keçidlər