Şəkinin seçki dairələrində prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır
Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri başa çatdırılmış və seçki məntəqələri səsverməyə tam hazır vəziyyətə gətirilmişdir.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bildirmişdir ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılmışdır. Səsvermənin keçiriləcəyi 28 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimatlar və texniki vasitələrlə təmin edilmişdir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılmış, 15 məntəqədə veb-kamera quraşdırılmışdır. Bundan əlavə, əlil seçicilərin rahat səs vermələri üçün 4 məntəqədə pandus qoyulmuşdur. Dairə və məntəqə seçki komissiyaları üzvlərini maarifləndirmək və peşə hazırlığını yüksəltmək məqsədi ilə seminar və treninqlər keçirilmişdir. Dairədə indiyədək 340 müşahidəçi qeydiyyatdan keçmişdir.
Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 35 min 989 nəfərdir. Onlardan 437 nəfəri ilk dəfə səs verəcəkdir. İndiyədək 154 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilmişdir.
Dairənin tərkibinə daxil olan 7 nömrəli seçki məntəqəsi şəhər 10 saylı tam orta məktəbdə yerləşir. Komissiya üzvlərinin sözlərinə görə, onlar ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi kampaniyaya çox ciddi hazırlaşmışlar Bu məntəqədə səsvermənin gedişi veb-kamera vasitəsi ilə müşahidə olunacaqdır.
Tibb Kollecində yerləşən 8 nömrəli seçki məntəqəsində də hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun aparılmışdır. Məntəqə seçki komissiyasının sədri Zahid Məmmədov bildirmişdir ki, 1044 seçicinin qeydə alındığı bu məntəqədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişər artıq seçicilərə çatdırılmışdır. Məntəqə üzrə 12 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilmişdir. Bir nəfər seçici isə daşınan qutu üçün müraciət etmişdir.
114 saylı Şəki kənd birinci seçki dairəsində də seçkilərə hazırlıq işləri MSK-nın təsdiq etdiyi təqvim-plana uyğun aparılır. Dairə seçki komissiyasının sədri Məharət Məmmədovun bildirdiyinə görə, 37 min 180 seçicinin qeydə alındığı bu dairədə səsvermə 41 seçki məntəqəsində keçiriləcəkdir. 7 məntəqədə veb-kamera quraşdırılmış, 5 məntəqədə pandus qoyulmuşdur. Seçkilərin gedişini izləmək üçün 438 nəfər müşahidəçi müraciət etmişdir. MSK tərəfindən göndərilmiş seçici bülletenləri oktyabrın 6-da məntəqələrə çatdırılacaqdır.
115 saylı Şəki kənd ikinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Rasim Əzizovun verdiyi məlumata görə, dairənin tərkibində olan 42 seçki məntəqəsində seçicilərin ümumi sayı 36 min 369 nəfərdir. 7 məntəqədə veb-kamera, 3 məntəqədə isə pandus quraşdrılmışdır. Dairə üzrə 445 müşahidəçi qeydə alınmışdır. Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün keçirilən treninqlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının İngiltərə və Fransadan olan uzunmüddətli müşahidəçiləri də iştirak etmişlər.