Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Prezident seçkiləri yüksək səviyyədə keçmişdir

11 oktyabr 2013 | 15:00

Oktyabrın 9-da Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezident postu uğrunda 10 namizəd mübarizə aparmışdır.  İlkin nəticələrə görə yüksək seçici fəallığı ilə keçən səsvermədə səsvermə hüququ olan 5 milyon 164 min 345 seçicinin 3 milyon 723 min 544-ü və yaxud 72,1 faizi səs vermişdir. Mütəşəkkilliklə keçən prosesi çox nüfuzlu qurumların müşahidəçiləri izləmişlər. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.
    Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları, qeyri-hökümət təşkilatları və siyasi birlikləri təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, MDB Parlamentlərarası Assambleyası və ABŞ səfirliyini təmsil edən xarici müşahidəçilər izləmişlər. İlkin nəticələrə görə, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 25 min 221 nəfər və ya seçicilərin 70,3 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 27 min 276 nəfər və ya seçicilərin 73,7  faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 25 min 871 nəfər və ya seçicilərin 71,2  faizi səsvermədə iştirak etmişdir.
    Mərkəzi Seçki Komissyasının açıqladığı ilkin nəticələrə görə, hazırki Prezident cənab İlham Əliyev seçicilərin 3 milyon 118 min 287-nin və yaxud 84,59 faizinin səsini qazanmışdır. Cənab İlham Əliyev çox böyük səs fərqi ilə növbəti beş ilə Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün liderlik edir.

Keçidlər