Bilik Günündə Şəkidə yeni məktəb binaları istifadəyə verilmişdir
Şəki rayonunun Şorsu kəndinin sakinləri Bilik Günündə gözəl bayram hədiyyəsi almışlar.
Sentyabrın 15-də kənd tam orta məktəbi üçün dövlət vəsaiti hesabına inşa edilmiş 360 şagird yerlik yeni məktəb binası öz qapılarını müəllim və şagirdlərin üzünə açmışdır.
Şəhər icra hakimiyyəti rəhbərliyinin, Milli Məclisin deputatlarının, ziyalıların və kənd sakinlərinin iştirak etdikləri mərasimdə ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirilmişdir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Son illərdə Azərbaycanda 2 minə yaxın yeni məktəb binası tikilib istifadəyə verilmiş, yüzlərlə məktəb binası əsaslı təmir olunmuş, təhsilin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.
Diqqətə çatdırılmışdır ki, hazırda Şəkidə 8 yeni məktəb binası, bir neçə məktəb üçün əlavə tədris korpusları tikilir, bir məktəb binası əsaslı təmir olunur. Ötən tədris ilinin yekunları Şəki rayonu üçün də olduqca uğurlu olmuş, məzunlardan 2 nəfəri məktəbi qızıl, bir nəfər gümüş medalla bitirmişdir. Ali məktəblərə sənəd vermiş məzunlardan 587 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında 35 məzun 600 baldan yuxarı nəticə göstərmişdir.
Çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. Bildirilmişdir ki, tikintisinə bir il əvvəl, 2011-ci ilin sentyabrında başlanan bu məktəb binası istifadəyə yararsız vəziyyətdə olan köhnə məktəbin yerində inşa edilmişdir. İkimərtəbəli məktəb binasında 18 sinif otağı, 2 laboratoriya, kompyuter otağı, kitabxana, yeməkxana, tibb otağı, akt və idman zalları yerləşir. Məktəbin həyətində hər birinin tutumu 100 kubmetr olan 2 ədəd su anbarı, qazanxana inşa edilmiş, binada müasir istilik sistemi quraşdırılmışdır.
Yeni tədris ilində kənd məktəbində 320 şagird təhsil alacaqdır. Onlardan 29 nəfəri ilk dəfə məktəbə qədəm qoyacaqdır.
Həmin gün rayonun Çələbixan qəsəbəsində dövlət vəsaiti hesabına inşa edilmiş 180 şagird yerlik yeni məktəb binasının da açılış mərasimi olmuşdur.