Yaşlı seçicilər də məntəqələrdə yaradılmış şəraitdən tam razı qalmışlar
Mən dəfələrlə seçkilərdə iştirak etmişəm, prezidentlər, deputatlar, bələdiyyə üzvləri seçmişəm. Açığını deyim ki, budəfəki seçkilərdə yaradılan şərait əvvəlkilərdən çox yüksəkdir. Səsvermə gözlədiyimdən də yaxşı səviyyədə keçir. Hamı sərbəst şəkildə öz seçimini edir, istədiyi namizədə səs verir. Heç kim seçkiyə müdaxilə etmir, qarışıqlıq salmır. Komissiya üzvləri seçiciləri çox mehriban qarşılayırlar. Sanki bayramdayıq, hamı bir-birini təbrik edir.
Bu sözləri 114 saylı Şəki kənd birinci seçki dairəsindəki 10 saylı seçki məntəqəsində səs vermiş 78 yaşlı seçici Novruz Cəfərov AzərTAc-a müsahibəsində demişdir.
Yaşlı seçicinin sözlərinə görə, bu məntəqədə səs verən ahıl seçicilərin hamısı bu fikirdədirlər. Onlar ölkəmizdə bərqərar olan sabitlikdən, əmin-amanlıqdan çox razıdırlar. Arzuları budur ki, respublikamız daha da inkişaf etsin, kəndlərimiz daha da abadlaşsın, insanların dolanışığı daha da yaxşı olsun. Qoy Qarabağ torpağı mənfur düşməndən azad olunsun, köçkünlər dədə-baba torpaqlarına qayıtsınlar. Belə gözəl seçki məntəqələri o rayonlarda da yaradılsın, orada da həyat əvvəlki axarına qayıtsın.
Qonşuluqdakı 9 saylı seçki məntəqəsində də yaşlı seçicilər çox şən və gümrah görünürdülər. Yaxınlıqda təşkil edilmiş çayxanada gənclərə öz tövsiyələrini verən 89 yaşlı İdris İdrisov, 85 yaşlı Şükür Hüseynəliyev, 75 yaşlı İbrahim Əkbərov və başqaları da bu seçkilərin əvvəlkilərdən tam fərqləndiyini, sakit, demokratik şəraitdə keçdiyini bildirmişlər.