Şəkidə Şəhər Günü böyük təntənə ilə qeyd edilmişdir
Oktyabrın 11-də Şəkidə Şəhər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində Milli Məclisin deputatları, respublikamızın tanınmış elm və incəsənət xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, habelə musiqi və rəqs kollektivləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları şəhərin mərkəzinə - Azadlıq meydanına yürüş etmişlər. Burada bayramın təntənəli açılış mərasimi keçirilmişdir.
Bayram iştirakçılarını əlamətdar tarixi gün – Şəki şəhərinin 2701 illiyi münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov artıq ikinci ildir ki, qeyd olunan bu tədbirin Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirmək məqsədi daşıdığını bildirmişlər. Qeyd olunmuşdur ki, şəkililər bu bayramı ikiqat sevinc hissi ilə qeyd edirlər. İki gün əvvəl keçirilmiş prezident seçkilərində xalqımız böyük birlik nümayiş etdirərək dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə səs vermişdir. Bu seçkilərdə bütün Azərbaycan xalqı kimi, şəkililər də fəal iştirak etmiş, dövlətə və dövlətçiliyə sadiq olduqlarını bir daha təsdiq və nümayiş etdirmişlər.
Vurğulanmışdır ki, zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəkidə bu bayramın keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Dövlətimizin başçısı İlham Əliyev demişdir: “Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik ənənələrinin yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir”,
Qeyd olunmuşdur ki, bütün dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olmuşdur. Ona görə də Şəki sakinlərinin bu bayramı qeyd etməyə daha çox mənəvi haqları vardır. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan nadir bir məkandır. Bu şəhərdə Azərbaycan memarlığının ən gözəl abidələri yerləşir. Zəngin tarixi-mədəni irsin qorunub saxlanılması nəticəsində Şəki, həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevrilmişdir. Bildirilmişdir ki, son illər Şəki özünün yeni inkişaf mərhələsini yaşayır. Şəhərin mədəni həyatında böyük canlanma hiss olunur. Görülən bütün bu işlər, yeniliklər dövlətimizin başçısının Şəkiyə xüsusi diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur.
Tədbir iştirakçıları meydanda təşkil olunmuş kitab sərgisinə, “Qədim və müasir Şəki” mövzusunda fotosərgiyə baxmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəsli alətlər orkestrinin, Şəki Musiqi Kollecinin xor və orkestrinin çıxışlarını, Bakıdan gəlmiş “Təbəssüm” mahnı və rəqs teatrının şux rəqslərini, musiqi nömrələrini izləmişlər. Şəki gənclərinin hazırladıqları “Şəhər ritmləri” adlı fləşmob bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonra bayram tədbiri şəhərin “Yuxarıbaş” Tarix Memarlıq Qoruğunun ərazisində davam etdirilmişdir. Bayram iştirakçıları əvvəlcə xalqımızın qədim atüstü milli oyunlarından olan çövkən oyununa baxmış, Azərbaycan memarlığının nadir incilərindən olan XVIII əsrə aid tarix-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında maraqlı konsert proqramını izləmişlər. Gəncə Musiqi Kollecinin “Ozan” qədim çalğı alətləri ansamblının, “Təbəssüm” mahnı və rəqs teatrı üzvlərinin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Daha sonra bayram iştirakçıları qoruğun ərazisində Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxmış, kəndirbaz və pəhləvanların çıxışlarını izləmişlər.
Şəhər Gününə həsr olunmuş bayram tədbirinin sonunda tanınmış müğənnilərin iştirakı ilə rəngarəng konsert proqramı təşkil olunmuşdur.
Tədbir bayram atəşfəşanlığı ilə başa çatmışdır.