Şriftin ölçüsü :

Saytın rəngi :

Yaqub Mahmudov: Bu gün Şəkidə Şəhər Günü ilə yanaşı, həm də dövlətçiliyimizin bayramı qeyd olunur

12 oktyabr 2013 | 15:00

Bu gün Azərbaycanın qədim dövlətçilik diyarlarından biri olan Şəkidə bayram bayrama qarışmışdır. 2701 yaşı olan Şəki bu gün bayram əhval-ruhiyyəsindədir. Uşaqdan böyüyə kimi hamı sevinir, hamının ürəyi gülür. Bu gün Şəkidə Şəhər Günü ilə yanaşı, həm də dövlətçiliyimizin bayramı qeyd olunur. Bütün xalqımız kimi, şəkililər də həmişə dövlətçiliyimizin keşiyində duran Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərindəki möhtəşəm qələbəsi münasibətilə ürəkdən təbrik edirlər.
   Bu sözləri AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Şəkidə Şəhər Günü münasibətilə keçirilən bayram tədbiri zamanı jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, şəkililər heç vaxt seçkilərdə bu qədər böyük həvəslə, bu qədər böyük axınla, dövlətçiliyimizə bu qədər böyük sədaqətlə iştirak etməmişlər. Bu səsvermə onu göstərdi ki, Şəki qədirbilən bir diyardır, camaat hər şeyə qiymət verməyi bacarır.
   Yaqub Mahmudov demişdir: “Azərbaycan Prezidenti qısa müddətdə Şəkini, necə deyərlər, dalandan çıxartdı, qəflət yuxusundan ayıltdı. Şəki bu gün intibah dövrünü yaşayır. Azərbaycan Prezidenti böyük Mirzə Fətəli Axundzadənin doğulduğu bu şəhərə onun adına layiq bir dram teatrı bağışladı. Böyük Mirzə Fətəlinin adını daşıyan küçə başdan-başa yenidən quruldu, bütün qədim binalar təzədən həyata qaytarıldı, Şəki xanlarının sarayı bərpa olundu. Bu saray bizim keçmişimizə, dövlətçiliyimizə bir baxışdır, incəsənətimizin dəyərli bir nümunəsidir. Bayram şənliyinin keçirildiyi bu yer – Şəki xanlarının sarayı Azərbaycanın qədim dövlətçilik məkanlarından biridir. Bu saray da özünün yeni dövrünü yaşayır, ətraf abadlaşır, gözəlləşir”.
   Bu gün Şəkinin ən böyük dirçəlişinin onun zəka potensialının dirçəlişi olduğunu vurğulayan Yaqub Mahmudov, ali məktəblərə builki qəbul imtahanlarında şəkililərin çox böyük uğurlar qazandığını bildirmişdir. Qeyd etmişdir ki, bu, Mirzə Fətəli Axundzadə, Fətəli xan Xoyski, Rəşid bəy Əfəndiyev, Məcid Rəsulov, Məmməd bəy Əfəndiyev kimi böyük mütəfəkkirlərin, alimlərin ideyalarının həyata keçməsi deməkdir, Şəkinin gələcəyinə baxışdır.
   Yaqub Mahmudov demişdir: “Dövlətimizin başçısı hər yerdə qeyd edir ki, biz elə edəcəyik ki, Şəki nəinki bu bölgənin, hətta dünyada turizmin mərkəzlərindən birinə çevrilsin. Həqiqətən də bu gün Şəki artıq həmin yola çıxmışdır. Şəki intibahdadır, oyanışdadır. Şəki bu bayram günündə 2701 illiyini qeyd edərkən, hamımız bu bayram təntənəsinə qoşularaq Azərbaycan xalqının böyük oğlunu bir daha təbrik edirik. Çünki Prezidentimizin qələbəsi Azərbaycan xalqının gələcəyinin qələbəsidir. Biz bundan böyük qürur hissi keçiririk”.

Keçidlər