Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Şəkidə

21 oktyabr 2013 | 15:00

Oktyabrın 19-dan etibarən Şəki və Oğuz rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət”indən yararlanmağa başlamışlar.
Zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilməsi üçün Şəki şəhərinin mərkəzində, M.Füzuli adına parkın yaxınlığında xüsusi yer ayrılmışdır.
Noyabrın 2-dək davam edəcək səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Səyyar xidmətin ilk günündə onlarla vətəndaş “ASAN xidmət”in imkanlarından yararlanmışdır. Burada hamıya bərabər imkanlar yaradılmışdır. Dövlət xidmətləri vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunur. Vətəndaşlar vaxt itirmədən, heç bir maneə ilə rastlaşmadan öz istədiklərinə nail olurlar. Xidmətə müraciət edən vətəndaşlar əməkdaşların onlarla nəzakətli davrandıqlarını qeyd edir, yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər.

Keçidlər