Şəkidə 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
2013-cü ilin doqquz ayında Şəki rayonunda ilkin hesablamalara görə, 267 milyon 750 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Hesabat dövründə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 192 milyon 235 min manat olmuşdur. Cari ilin 9 ayında rayonda istehsal və qeyri istehsal sahələrinin inkişafına 60 milyon 716 min manat həcmində investisiya yönəldilmişdir. Bu investisiyaların 71,1 faizi tikinti işlərinə sərf edilmişdir. İlin 9 ayında rayonda 972 yeni, daimi iş yeri açılmışdır.
Bu faktlar Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və cari ilin 9 ayında rayonda görülmüş işlərlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində səsləndirilmişdir.
Məruzədə daha sonra qeyd olunmuşdur ki, hesabat dövründə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmışdır. Uzunluğu 30 kilometr olan bu yol rayonun 8 yaşayış məntəqəsini əhatə edir. Avtomobil yolu Prezident İlham Əliyevin iştirakı və xeyir-duası ilə avqustun 14-də istifadəyə verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin 20 avqust 2013-cü il tarixli Sərəncamına əsasən hazırda on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinə başlanmışdır.
Diqqətə çatdırılmışdır ki, ötən dövrdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, Baş Küngüt kəndindəki tam orta məktəbdə, şəhərdəki 1 saylı peşə məktəbi və 28 saylı uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatdırılmış, şəhər 17 nömrəli tam orta məktəb üçün yeni bina tikilib istifadəyə verilmişdir. Baş Göynük, Qoxmuq və Göybulaq kəndlərində yeni məktəb binalarının tikintisinə başlanmışdır. Şin və Baş Şabalıd kəndlərində inşa edilən yeni məktəb binalarının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Rayon təhsil şöbəsinin yeni inzibati binasının tikintisində hazırda son tamamlama işləri görülür.
Qeyd olunmuşdur ki, cari ilin 9 ayında rayonun kənd təsərrüfatında özəl bölmənin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün zəruri tədbirlər həyata keçirilmişdir. Fermerlər 81 min 51 hektar taxıl sahəsindən 219 min ton məhsul əldə etmişlər. Hazırda təsərrüfatlarda 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir.
Hesabat məruzəsində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlərə toxunulmuş, cari ilin 9 ayında 991 abonentin təbii qazla təmin edildiyi, rayon üzrə qaz istifadəçilərinin ümumi sayının 20 min 385 abonentə çatdırıldığı qeyd olunmuşdur. Bildirilmişdir ki, hazırda Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Bolludərə, Qaratorpaq və daha bir neçə kəndin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Müddət ərzində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Əhalinin sosial müdafiəsinin daha etibarlı təmin olunması istiqamətində tədbirlər davam etdirilmiş, 9 ayda 1619 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırda rayonda 2151 ailə bu yardım növündən faydalanır.
Yığıncaqda, həmçinin əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.