Fransanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye oktyabrın 24-25-də Şəkidə olmuşdur.
Səfər çərçivəsində diplomat fransız dilinin tədris olunduğu Bəxtiyar Vahabzadə adına şəhər 1 nömrəli tam orta məktəbdə olmuş, Kolmar şəhərindən göndərilmiş dərslik və ədəbiyyatı məktəbə hədiyyə etmişdir.
Məktəbin foyesində şagirdlər fransalı qonaqları gül-çiçəklə qarşılamışlar.
Kollektiv qarşısında çıxış edən səfir Paskal Mönye Şəkidə dördüncü dəfə olduğunu, bu şəhəri çox sevdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycanla, eləcə də Şəki ilə Fransa arasında əlaqələrin çox qədim tarixi vardır. Hələ XIX əsrin ortalarında böyük fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri çərçivəsində Şəkidə də olmuş və bu səfər yazıçının həyatında dərin izlər buraxmışdır. Səfir bildirmişdir ki, İkinci Dünya müharibəsində fransızlarla birlikdə faşistlərə qarşı çiyin-çiyinə vuruşan və Fransanın Milli Qəhrəmanı adına layiq görülən Əhmədiyyə Cəbrayılovun Şəkidən olması da onu çox sevindirir. Fransalı diplomat Şəkiyə səfəri çərçivəsində qəhrəmanın ev muzeyinə də baş çəkəcəyini bildirmişdir. Bir neçə ay əvvəl Fransanın Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyətinin Şəkidə olduğunu xatırladan səfir onların bu şəhərdən böyük təəssüratla ayrıldıqlarını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, Fransada çap olunan, Azərbaycana birinci dəfə gətirilən bu dərsliklər də məhz Kolmar merinin Şəki məktəblilərinə hədiyyəsidir.
Təhsil sahəsindəki əməkdaşlığa toxunan səfir bildirmişdir ki, artıq bir neçə ildir səfirliyin təşəbbüsü ilə fransız dili müəllimləri Fransaya təkmilləşmə kurslarına göndərilir. Bu, çox yaxşı nəticə verir. Sevindirici haldır ki, bu məktəbin rəhbəri də fransız dili müəllimi kimi həmin kurslarda iştirak etmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan ilə Fransa arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Fransanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələr ildən-ilə daha da genişlənir. Fransa səfirliyinin nümayəndələri Şəkidə keçirilən bayramlarda, tədbirlərdə yaxından iştirak edirlər. Qeyd olunmuşdur ki, hazırda Şəkinin 14 məktəbində fransız dili tədris olunur. Min beş yüzdən artıq şagird bu dili öyrənir. Şagirdlərə xarici dilləri öyrənməyi tövsiyə edən və dil bilməyin əhəmiyyətini vurğulayan icra hakimiyyətinin başçısı hədiyyələrə görə səfir Paskal Mönyeyə minnətdarlığını bildirmişdir. Məktəblilərin fransız dilində hazırladıqları bədii kompozisiya alqışlarla qarşılanmışdır.
Fransa səfiri Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbdə olmuş, Kolmar şəhərindən göndərilmiş dərslik və kitabların bir hissəsini də həmin məktəbə hədiyyə etmişdir.
Səfər çərçivəsində qonaq Şəkinin qədim tarixi abidələri və görməli yerləri ilə də tanış olmuşdur.