Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi geniş qeyd olunmuşdur

23 sentyabr 2012 | 15:00

Sentyabrın 22-də Şəkidə görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş bayram tədbirləri keçirilmişdir.
Yubiley tədbirlərinə M.F.Axundzadənin ev-muzeyinin açılışı ilə başlanmışdır.
Respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin, Milli Məclisin deputatlarının, ziyalıların, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimi şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin yubiley tədbirlərinin onun vətəni Şəkidə keçirilməsinin şəhərin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan, bütövlükdə Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında özünəməxsus rol oynayan M.F.Axundzadə bütün ömrü boyu humanist ideyaların carçısı olmuş, şərəfli həyat yolu keçmişdir. 1812-ci ildə Şəkidə anadan olan böyük mütəfəkkirin ədəbi yaradıcılığı onu öz dövründə və sonralar məşhurlaşdırmış, zəngin və coxşaxəli irsi Azərbaycan ədəbiyyatının gələcək inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 13-də böyük ədibin 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, həmin sənəddə Azərbaycan ədəbiyyatının inkişafında parlaq səhifə açan M.F.Axundzadənin yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək üçün aidiyyəti strukturlara lazımi tapşırıqlar verilmişdir. Ötən müddətdə Şəki şəhərində yubileylə bağlı geniş hazırlıq işləri görülmüşdür.
Bildirilmişdir ki, 2012-ci il TÜRKSOY tərəfindən həm də “M.F.Axundzadə ili” elan olunmuşdur. Bu səbəbdən də ədibin bugünkü yubiley tədbirlərində TÜRKSOY-a üzv olan ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası Başqırdıstan Respublikasının, habelə ölkəmizdə fəaliyyət göstərən türkdilli ölkə səfirliklərinin nümayəndələri iştirak edirlər.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev çıxış edərək M.F.Axundzadənin yubiley tədbirinin təkcə onun vətəni Şəkidə deyil, eləcə də bütün respublikada ədəbiyyat, poeziya və söz bayramı olduğunu bildirmişdir. Şəki diyarının çox tanınmış insanlar yetişdirdiyini nəzərə çarpdıran natiq Şərqin dahi mütəfəkkiri, milli dramatirgiyamızın banisi M.F.Axundzadənin onların içərisində öz yaradıcılığı və fəaliyyəti ilə həmişə seçildiyini xüsusi vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, M.F.Axundzadənin yubileyinin geniş səviyyədə qeyd edilməsi bir daha Azərbaycan xalqının bu böyük şəxsiyyəti çox yüksək dəyərləndirdiyini sübut edir.
Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev M.F.Axundzadənin yalnız Şəkiyə, eləcə də Azərbaycana məxsus olmadığını, onun yaradıcılığının və şəxsiyyətinin ölkəmizin hüdudlarından çox-çox kənara çıxdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, dramaturq dünyəvi bir insan olmuşdur. Onun yazdığı əsərlər dünyanın sənət inciləri sırasındadır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti akademik Nailə Vəlixanlı bildirmişdir ki, bu gün doğrudan da son dərəcə əlamətdar bir gündür. Çünki biz elə bir müqəddəs ocağa qədəm qoyuruq ki, o ocağın sədası bütün türk dünyasına çatır. Qədirbilən xalqımız özünün böyük şəxsiyyətinin 200 illiyini qeyd edir. M.F.Axundzadənin həyatı bu gün də hər birimiz üçün örnəkdir.
Azərbaycanın Əməkdar Rəssamı Teymur Rzayev müəllifi olduğu M.F.Axundzadənin portretini şəhər rəhbərliyinə təqdim etmişdir.
Sonra muzeyin yeni inşa edilmiş ekspozisiya binasının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları ekspozisiya zalı ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 2011-ci ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən başlanılan təmir-bərpa işlərindən sonra ev-muzeyi əsaslı şəkildə yenidən qurulmuş, burada ekspozisiya zalı, fond və inzibati otaqlardan ibarət yeni inzibati bina inşa edilmişdir. Ekspozisiya zalında M.F.Axundzadənin həyat və yaradıcılığına aid 300-ə yaxın eksponat nümayiş etdirilir.
Daha sonra yubiley tədbiri M.F.Axundzadənin adını daşıyan, əsaslı şəkildə yenidən qurulmuş mədəniyyət və istirahət parkında davam etdirilmişdir.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə dahi mütəfəkkirin burada ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Mərasimdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Avrasiya Yazarlar Birliyinin üzvü, Türkiyədə M.F.Axundzadə irsinin tədqiqatçısı İmdad Avşar və başqaları çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmiş, böyük dramaturqun yaradıcılığının ən önəmli məqamlarına toxunmuşlar.
Sonra tədbir iştirakçıları parkda təşkil olunmuş kitab sərgisinə baxmış, Qazaxıstan Respublikası Karakanda Dövlət Dram Teatrı kollektivinin qazax dilində səhnələşdirdiyi M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Şəki Dövlət Dram Teatrının hazırladığı “Hacı Qara” tamaşasından səhnəciklərə tamaşa etmişlər.
 

Keçidlər