Şəkidə MDB ölkələrinin muzey mütəxəssisləri üçün regional təlim keçirilmişdir
Oktyabrın 31-də Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası, həmçinin Rusiya Federasiyası, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş muzey mütəxəssisləri, təlimçilər və ekspertlər iştirak etmişlər.
Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq mühüm əhəmiyyətə malik olan regional təlimin Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını bildirmişdir. Qonaqların diqqətinə çatdırılmışdır ki, Azərbaycanın ən qədim şəhərlərindən Şəki orta əsrlər Şərq yaşayış məntəqələrinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir şəhərdir. Şəki şəhəri və rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır.
UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Lyubava Moreva bir gün əvvəl “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda, bu gün isə Şəkidə keçirilən bu təlimlərin UNESCO və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması – XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, təlim yerli tarixi-etnoqrafik muzeylərin sosial rolunun gücləndirilməsi, onların fəaliyyətinə dəstək verilməsi, muzey əməkdaşlarının işinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Təlim DHƏF ilə əməkdaşlıq çərçivəsində sosial-ekoloji mərkəz olan “Ekosfera”, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumların birgə təşkilatçılığı ilə keçirilir.
Təlim zamanı 2011-ci ildə müvafiq dövlət qurumlarının dəstəyi ilə UNESCO-nun Moskva ofisi tərəfindən həyata keçirilmiş “Şəki regionunun davamlı inkişafı üçün mədəni, turizm və təhsil ehtiyatlarının 2011-2015-ci illər üçün səfərbər olunması” üzrə sektorlararası layihənin təqdimatı da olmuşdur.
Daha sonra təlim iştirakçıları mövzu ilə bağlı sessiyalara qatılmışlar. Ziyarətçilərin mədəni-idrak, elmi, estetik, yaradıcılıq, əyləncə, istirahət və digər ehtiyaclarının təminatına istiqamətlənmiş muzey xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, muzeylərin sərgi kimi fəaliyyətləri, planlaşdırma və dizaynın müasir tələbləri, konseptual yanaşmalar, auditoriyanın təşəbbüslərinə, özfəaliyyət və yaradıcı inkişafına stimul verən elmi proqramların və muzey işinin interaktiv formalarının işlənməsi, muzeylərin yerli ictimaiyyətlə işləməsi, muzeylərin qeyri-maddi mədəni irsin qorunması və inkişaf etdirilməsində rolu və digər məsələlər sessiyaların əsas müzakirə mövzusu olmuşdur.
Təlim çərçivəsində iştirakçılar XVIII əsrə aid tarix-memarlıq abidəsi - Şəki xanlarının sarayı ilə tanış olmuş, muzeylərə baş çəkmiş, şəhərin görməli yerlərini gəzmişlər.