Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrı qapılarını yenidən sənətsevərlərin üzünə açmışdır

03 noyabr 2013 | 10:09

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı əsaslı təmir və yenidənqurma işlərindən sonra oktyabrın 31-də qapılarını yenidən sənətsevərlərin üzünə açmışdır.
Bu münasibətilə keçirilən təntənəli mərasimdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, şəhər rəhbərliyi, tanınmış teatr xadimləri və digər qonaqlar teatr binasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, teatr binasında aparılan əsaslı təmir və yenidənqurma işlərində iştirak etmiş “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri Dünyamin Xəlilov teatrsevərləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, teatrın kollektivinə yeni yaradıcılıq uğurları arzulamışlar.
Məlumat verilmişdir ki, 1973-cü ildə İpəkçilərin Mədəniyyət Sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır.
Qeyd olunmuşdur ki, teatr binasında uzun illər əsaslı təmir işləri aparılmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 25 noyabr tarixli Sərəncamına əsasən, teatr binasında 2012-ci ilin martında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış, bina müasir standartlara cavab verən səviyyəyə çatdırılmışdır. Yenidənqurma işlərindən sonra teatrın tamaşa zalı 299 yerlik olmuşdur. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı bu il avqustun 14-də Şəkiyə səfəri zamanı teatr binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, kollektivin üzvləri ilə görüşmüş, tövsiyələrini vermişdir.
Natiqlər son illər respublikamızın hər yerində sənət ocaqlarının, tarixi abidələrin əsaslı şəkildə yenidən qurulduğunu bildirmiş, Azərbaycan mədəniyyətinin, incəsənətinin, o cümlədən teatr sahəsinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya şəkililər və sənətsevərlər adından minnətdarlıqlarını bildirmişlər.
Rəsmi hissədən sonra teatrın yaradıcı kollektivi tamaşaçılara fransız dramaturqu Jan Batist Molyerin “Aldadılmış ər” iki hissəli komediyasını təqdim etmişdir. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssam Qüdrət Məmmədovdur. Səhnə əsərində əsas rolları teatrın aktyorları Xanlar Həşimzadə, Sima Şabanova, Akif Yusifov, Brilyant Babayeva, Nərmin Kərimova, Rəhim Qocayev və başqaları ifa etmişlər.
Tamaşa böyük maraq və alqışlarla qarşılanmışdır.

Keçidlər