Veteranlar Şurası Şəki təşkilatının plenumu olmuşdur
05 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının Şəki təşkilatının plenumu olmuşdur.
Rayon veteranları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Veteranların, yerli icra qurumları rəhbərlərinin, məhəllə komitə sədrlərinin iştirak etdiyi plenumda təşkilatın ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir. Bildirilmişdir ki, veteranlar rayonun ictimai-siyasi həyatında daim fəallıq göstərir, öz işi və əməlləri ilə gənclərə həmişə nümunə olurlar.
Plenumda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası sədrinin müavini Kamal Əliyev çıxış edərək cəmiyyətin ən hörmətli təbəqəsi sayılan müharibə və əmək veteranlarının ölkəmizdə daim qayğı ilə əhatə olunduqlarını bildirmiş, onların sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Şuranın Şəki təşkilatının respublikada ən nümunəvi təşkilatlardan biri olduğunu vurğulayan Kamal Əliyev qurumun üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Plenumda təşkilati məsələyə də baxılmış, Mustafa Əhmədov Veteranlar Şurası Şəki təşkilatının yeni sədri, Şahid Məmmədkərimov isə sədr müavini seçilmişlər.