Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilmişdir

24 sentyabr 2012 | 09:09

Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş yubiley tədbirlərinin proqramına uyğun olaraq sentyabrın 22-də Şəki şəhərində yeni tikilmiş 600 yerlik yarımörtülü yay teatrında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mirzə Fətəli Axundzadə-200” mövzusunda Beynəlxalq elmi simpozium keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı əsasında dahi ədibin yubileyi ərəfəsində tikilmiş yay teatrının rəsmi açılışı olmuşdur.
Azərbaycanın görkəmli alimlərinin, elm və mədəniyyət xadimlərinin, Milli Məclisin deputatlarının, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş elm adamlarının, ziyalılar və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri simpoziumda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov dahi mütəfəkkirin 200 illik yubileyi ərəfəsində Şəkidə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci il noyabrın 17-də Prezident İlham Əliyev Şəkidə olarkən dahi ədibin 200 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün yay teatrının inşası ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Tədbirin keçirildiyi bu gözəl məkanın Azərbaycan Prezidentinin M.F.Axundzadənin yubileyinə, şəkililərə ən gözəl hədiyyə olduğu xüsusi vurğulanmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Mirzə Fətəli Axundzadənin Azərbaycan ədəbiyyatı tarixinə böyük bir sənətkar, milli dramaturgiyanın və realist bədii nəsrin banisi kimi daxil olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Yaxın Şərq bədii fikrinin tarixində XII əsr Nizami Gəncəvi, XVI əsr Məhəmməd Füzuli dövrü kimi tanınırsa, XIX əsr, ilk növbədə, M.F.Axundzadənin adı və imzası ilə bağlanır. Bu dövrdə bütün islam və Şərq hüdudlarında M.F.Axundzadə qədər genişmiqyaslı bədii-estetik, ədəbi-ictimai problemlər qaldıran və bu problemləri yüksək sənətkarlıqla həll edən ikinci bir yazıçıya təsadüf edilmir.
Qeyd olunmuşdur ki, Mirzə Fətəli Axundzadə milli ədəbiyyatın inkişaf tarixində, həmçinin fəlsəfi publisistikanın, ədəbi tənqidin, yeni əlifba ideyalarının bayraqdarı kimi ucalır.
Simpoziumda AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Mirzə Fətəli Axundzadə - milli istiqlalımızın dan ulduzu”, AMEA-nın müxbir üzvü Teymur Kərimli “Mirzə Fətəli Axundzadə və klassik ədəbiyyat”, həmçinin AMEA-nın alimlərinin hazırladıqları “Mirzə Fətəli Axumdzadə - böyük ədib və mütəfəkkir”, “M.F.Axundzadənin vəhdət fəlsəfəsi” və digər mövzularda məruzələr səslənmiş, çıxışlar olmuşdur.
Yubiley tədbiri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır. Sonda bayram atəşfəşanlığı olmuşdur.
 

Keçidlər