Şəkidə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Şəkidə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir bayraq altında” adlı aksiya keçirilmişdir.
Şəki şəhər Gənclər və İdman idarəsi ilə “Vətəndaş Cəmiyyətində Debat” İB Şəki Regional Nümayəndəliyinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzindəki mədəniyyət və istirahət parkında keçirilən aksiyada şəhərin bir qrup aktiv gənci bir araya gələrək dövlətimizin rəmzi olan Azərbaycan bayrağına öz hörmət və ehtiramlarını nümayiş etdirmişlər. Tədbirdə çıxış edənlər gənc nəslin Vətənə, dövlət atributlarımıza hörmət ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkmişlər. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın üzərində dalğalanan üçrəngli bayrağımız bütün azərbaycanlılar üçün ali dəyərdir, qürurdur, mərdlikdir.
Aksiyanın sonunda şəhər sakinlərinə üçrəngli Azərbaycan bayrağı haqqında bukletlər paylanmışdır.