Şriftin ölçüsü :

Saytın rəngi :

MDB ölkələri gənc şərqşünaslarının II qurultayının iştirakçıları Şəkidə olmuşlar

16 noyabr 2013 | 16:00

Bakıda keçirilən MDB ölkələri gənc şərqşünaslarının II qurultayı iştirakçılarının bir qrupu regionlara səfərləri çərçivəsində noyabrın 14-də Şəkidə olmuşlar.
Əlli nəfərlik qrupun tərkibinə MDB-yə daxil olan 10 ölkədən gəlmiş gənc tədqiqatçı alimlər daxil idilər.
Qurultay iştirakçılarının bu qədim diyarla tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayından başlamışdır. Qonaqlara məlumat verilmişdir ki, bu saray XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray 1761-1762-ci illərdə tikilmişdir. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan bu memarlıq abidəsinin tikintisində mismar, yapışqan və sementdən istifadə edilməmişdir. Qonaqların diqqətinə çatdırılmışdır ki, sarayın həyətindəki qoşa Xan çinarlarının beş yüz ilə yaxın yaşı vardır.
Daha sonra qonaqlar XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilən kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanışlıq da qurultay iştirakçılarının böyük marağına səbəb olmuşdur. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə məscidini də ziyarət etmişlər.
MDB ölkələri gənc şərqşünaslarının II qurultayının iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar.

Keçidlər