Şriftin ölçüsü :

Saytın rəngi :

Nailə Vəlixanlı: Mirzə Fətəli Axundzadənin irsinin, həyatının öyrənilməsi hər bir azərbaycanlı üçün vacibdir

24 sentyabr 2012 | 15:00

Bu gün qədirbilən Azərbaycan xalqı özünün böyük bir şəxsiyyətinin - Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyini təntənə ilə qeyd edir. Bayrama çox gözəl bir hədiyyə hazırlanmışdır. Bu, M.F.Axundzadənin ev-muzeyinin bərpa və yenidənqurmadan sonra açılışıdır. Muzeydə olan əşyaların hamısı bu böyük şəxsiyyətin yaradıcılığından, həyatından xəbər verir. Burada elə qiymətli əşyalar vardır ki, biz hər dəfə onlara baxanda sanki ədibi yanımızda hiss edirik. M.F.Axundzadə irsinin, onun həyatının öyrənilməsi bu gün hər bir azərbaycanlı üçün vacibdir. Bu, eyni zamanda, böyük türk dünyasına vacibdir. Çünki ədib türk dünyası üçün böyük işlər görmüşdür.
Bu fikirləri Şəkidə M. F. Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı öz müsahibəsində bildirmişdir.
Muzeyin direktoru daha sonra demişdir: “M. F. Axundzadə təkcə komediyaları, çox maraqlı hekayələri, fəlsəfi əsərləri ilə deyil, həm də ictimai xadim kimi, dövrünün ən görkəmli insanlarından biri kimi tanınırdı. Onun təkcə əlifbanı dəyişdirmək arzusu xalqına bağlılığını bir daha nümayiş etdirir. Təsəvvür edin, min beş yüz ildən artq idi ki, əlifbamız dilimizə uyğun olmayan ərəb əlifbası idi. M.F.Axundzadə çox yaxşı başa düşürdü ki, xalqın savadlanması, maariflənməsi üçün bu əlifbanı mütləq dəyişdirmək lazımdır. Yalnız uzun illər sonra ədibin bu arzusu reallaşmışdır. Bəlkə də o vaxtlar türk dünyası M.F.Axundzadənin əlifbasını qəbul etsəydi, xalqımız daha maarifpərvər, daha savadlı, mədəniyyətimiz daha yüksək olardı. Çünki çox əsərlərimizi xalq oxuya bilmirdi. Bu gün əlifbanın dəyişməsi, türk dünyasının eyni əlifbanı işlətməsi Axundzadə ideyalarının, arzularının reallaşması deməkdir. Ev-muzeyi M.F.Axundzadənin heç vaxt yaddan çıxmaması üçündür. Onun keçirdiyi həyat, yaşadığı mühit, olduğu yer bizim hamımız üçün doğmadır, əzizdir”.
 

Keçidlər