KOİCA-nın nümayəndələri Şəkidə “Kəhriz bərpası” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olmuşlar
Noyabrın 19-da Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri “Kəhriz bərpası” layihəsi çərçivəsində görülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Şəkidə olmuşlar. Nümayəndə heyətinin tərkibinə KOİCA-nın menecer köməkçisi Kim Na Young, Koreya Universitetinin professorları Choi Jae Wook, Kim Kyong Hee və başqaları, habelə BMqT-nın təmsilçiləri daxil idilər.
Qonaqlar əvvəlcə icra hakimiyyətində şəhər rəhbərliyi ilə görüşmüşlər. İcra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, mədəniyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, hazırda bu qədim şəhərdə geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə şəhərin su və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulması layihəsi çərçivəsində işlər davam etdirilir. İcra hakimiyyətinin başçısı “Kəhriz bərpası” layihəsi çərçivəsində rayonun kəndlərində görülmüş işlərə görə sakinlər adından KOİCA-nın nümayəndələrinə minnətdarlığını bildirmiş, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə KOİCA-nın təmsilçiləri çıxış edərək Agentliyin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilmiş “Kəhriz bərpası” layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq Azərbaycanın 8 rayonunda 20 kəhrizin bərpa edildiyini, bununla da 6 mindən çox ailənin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırıldığını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, budəfəki səfər layihə çərçivəsində görülmüş işləri yerində tanış olmaq, qiymətləndirmək, sakinlərlə görüşmək, həmçinin, layihənin icrasının davam etdirilməsi ilə bağlı məsələləri nəzərdən keçirmək məqsədi daşıyır.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Daha sonra qonaqlar rayonun Şirinbulaq və Kiçik Dəhnə kəndlərində olmuş, layihə çərçivəsində bərpa edilmiş kəhrizlərə baxmış, sakinlərlə görüşmüşlər.