Xalq Yazıçısı Anar: Rasim Ocaqov Azərbaycan kino sənətinə ölməz əsərlər bağışlamış böyük kinorejissordur
Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkiyə görkəmli kinorejissor Rasim Ocaqovun yubileyini qeyd etmək üçün gəlmişik. Rasim Ocaqov Şəkidə böyüyüb boya-başa çatmış sənətkardır. Onun filmlərinin bir neçəsində Şəki həyatı, şəkililər, şəkili personajlar vardır. Ona görə də Rasimin yubileyinin burada geniş qeyd olunması təbiidir.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Şəkidə, Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində söyləmişdir.
Xalq yazıçısı daha sonra demişdir: “Rasim Ocaqov kinomuzun ən böyük simalarından biridir. Azərbaycan kino sənətinə ölməz əsərlər bağışlamış böyük kinorejissordur. Rasim Ocaqov şəxsən mənim dostum olmuşdur. Fəxr edirəm ki, o, mənim də ssenarilərim əsasında iki film çəkib – “Təhminə” və “Otel otağı”. Allah ona qəni-qəni rəhmət eləsin”.