Şəkidə Azərbaycan-NATO tərəfdaşlığına dair ictimai məlumatlandırma tədbiri keçirilmişdir
Noyabrın 26-da Şəki şəhərindəki “Şəki-Saray” otelinin konfrans zalında “Avratlantik təhlükəsizlik və Azərbaycan-NATO tərəfdaşlığı: keçmişə baxış və perspektivlər” mövzusunda birgünlük təlim keçirilmişdir.
NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) təşkilatçılığı, Xarici İşlər Nazirliyi (XİN), Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən ictimai məlumatlandırma tədbirində NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahiu, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, XİN-nin əməkdaşları, tələbələr və fəal gənclər iştirak etmişlər.
Tədbiri şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov açmışdır.
NİSA-nın icraçı direktoru Tural Əhmədov təlimin yerli tələbə və gəncləri milli maraqlarımıza uyğun olaraq Azərbaycanın xarici və milli təhlükəsizlik siyasəti, NATO ilə əməkdaşlığı barədə məlumatlandırmaq məqsədi daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, 2003-cü ildən fəaliyyət göstərən NATO Azərbaycan Beynəlxalq Məktəbi Avro-Atlantik təhlükəsizliyi məsələləri barədə ümumi bilikləri artırmaq və Cənubi Qafqazda sülh və sabitlik ideyalarını yaymaq məqsədi ilə ictimai tədbirlər, peşəkar təlimlər təşkil edən təhsil və tədqiqat mərkəzidir. Diqqətə çatdırılmışdır ki, Şəkidən əvvəl belə təlimlər Lənkəran və Gəncə şəhərində də keçirilmişdir.
Tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Daniel Çiobanu “Azərbaycan-NATO tərəfdaşlığının əsasları”, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahiu “Avratlantik təhlükəsizlik Arxitekturasında NATO-nun rolu”, Xarici İşlər Nazirliyinin əməkdaşı Nadir Saraclı “Azərbaycanın xarici siyasətində Avro-Atlantik inteqrasiya” və “İkitərəfli tərəfdaşlıq mexanizmləri və alətləri” mövzularında məruzələr etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası və NATO arasındakı əməkdaşlıq mühüm prinsiplər və qarşılıqlı maraqlara əsaslanır. Avropa və Avratlantik məkanlarda sabitliyi qorumaq, mövcud münaqişələri və mümkün təhlükələri aradan qaldırmaq üçün birlikdə çalışmaq bu əməkdaşlığın əsas prinsipləridir. Siyasi dialoq, NATO tərəfindən aparılan əməliyyatlarda iştirak, müdafiə və təhlükəsizlik sektorları islahatlarına xüsusi diqqət yetirmək və digər məsələlər Azərbaycanın NATO ilə əməkdaşlığının əsas istiqamətlərindəndir.
Sonra təşkilatçı qurumların təmsilçiləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar. Tədbir iştirakçılarına “NATO məlumat kitabı” və digər metodiki vəsaitlər təqdim olunmuşdur.
Proqrama uyğun olaraq, günün ikinci yarısında fərdi və qrup halında müxtəlif simulyasiya oyunları təşkil edilmişdir.