Rumıniyanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu noyabrın 26-da Şəki şəhərində olmuşdur.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat vermişdir. Səfirin diqqətinə çatdırılmışdır ki, Azərbaycanın ən qədim şəhərlərindən olan, bu yaxınlarda 2701 illiyini qeyd edən Şəki orta əsrlər Şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir şəhərdir. Bildirilmişdir ki, Şəki şəhəri və rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Böyük turizm potensialına malik olan Şəki şəhərinə gələn turistlərin sayı ildən-ilə artır. 2012-ci ildə Şəkiyə 25 min turist gəlmişdisə, cari ilin sonunadək bu rəqəmin 80-100 minə çatacağı gözlənilir.
Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etməsindən məmnunluğunu bildirən səfir D.K.Çiobanu Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, Rumıniya xeyli vaxtdır ki, NATO-nun Azərbaycanda əlaqələndiricisi rolunu oynayır. Şəkidə olmağından məmnun qaldığını, ötən il də bu şəhərə səfər etdiyini xatırladan səfir az müddətdə Şəkidə çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin daha da gözəlləşdiyini xüsusi vurğulamışdır.