“Sağlam Düşüncə” Gənclər Təşkilatı Şəkidə gənclər düşərgəsi təşkil etmişdir
“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Tütünə yox!” sağlam həyat tərzinin təbliği kampaniyası çərçivəsində Şəkidəki “Cənnət bağı” İstirahət Mərkəzində gənclər düşərgəsi təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən düşərgədə respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən fəal gənclər iştirak edirlər.
Düşərgənin açılış mərasimində bildirilmişdir ki, son zamanlar gənclər arasında nikotinə, narkotikaya aludəçilyi və digər bu kimi zərərli vərdişlərin artması ciddi narahatlıq doğurur. Gənclər arasında zərərli vərdişlərə meyilliyin artması bu sahədə maarifləndirmə işini daha da gücləndirməyi tələb edir.
Qeyd olunmuşdur ki, düşərgənin məqsədi gəncləri passiv siqaretçəkmənin zərərləri barədə məlumatlandırmaq, gənclər vasitəsilə cəmiyyətdə antinikotin təbliğatını gücləndirmək, eyni zamanda, tütünlə mübarizə sahəsində maraqlı tərəflərin birgə işini təşkil etməkdən ibarətdir. Bildirilmişdir ki, bütün bu zərərli vərdişlər ilk əvvəl siqaretə aludəçilikdən başlanır.
Beşgünlük düşərgə müddətində gənclərə zərərli vərdişlərin insana və cəmiyyətə təsiri haqqında təlim proqramı keçiriləcəkdir. Təlimlər üç istiqamətdə - məlumatlandırma və auditoriya ilə işləmək istiqamətlərində aparılacaqdır. Düşərgə başa çatdıqdan sonra iştirakçılar gənclər arasında tütünün zərəri haqqında maarifləndirmə işi aparacaq, info-sessiyalar və seminarlar təşkil edəcəklər.
Sonra düşərgənin proqramına uyğun olaraq təlimlər başlamışdır.