Şəkidə Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilmişdir
Beynəlxalq Əlillər Günü münasibətilə Şəki Əlillərə Qayğı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir təşkil edilmişdir.
“İdeal” şadlıq evində keçirilən tədbirdə Şəki və Zaqatala rayonlarından olan 60-dək əlil uşaq və onların valideynləri, habelə əlaqədar dövlət strukturlarının nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə əlil uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Mərkəzin rəhbəri Güləndam Alxasova ölkəmizdə əlillərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək dövlət qayğısından danışmışdır. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə respublikanın bir neçə şəhər və rayonunda, o cümlədən Şəki və Zaqatalada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının davamlılığını təmin etmək üçün xüsusi layihə həyata keçirilir. Layihə çərçivəsində əlil uşaqların iştirakı ilə bir sıra tədbirlər keçirilmiş, yaradıcılıq müsabiqələri təşkil olunmuşdur.
Tədbirdə çıxış edənlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında, onların istedadının və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasında belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Əl işlərindən ibarət sərgidə fərqlənən uşaqlar hədiyyələrlə mükafatlandırılmışlar. Şirniyyatlarla bəzədilmiş çay süfrəsi ətrafında keçirilən tədbir uşaqların hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.
Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Şəki şəhər şöbəsində müharibə əlilləri ilə görüş keçirilmişdir. Əlillərə şəhər icra hakimiyyəti və ictimai birlik tərəfindən maddi yardım göstərilmişdir.