Şriftin ölçüsü :

Saytın rəngi :

Məleykə Abbaszadə: Belə qəbullar TQDK-nın rəhbər və əməkdaşları üçün də çox faydalıdır

07 dekabr 2013 | 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  rəhbərliyi də digər mərkəzi icra hakimiyyəti orqanları kimi, hər ay ənənəvi olaraq müxtəlif regionlarda vətəndaşların qəbulunu keçirir. Bugünkü qəbulda bizə vətəndaşlar, o cümlədən müəllimlər də müraciət etmişlər. Onların sualları əsasən qəbul və buraxılış imtahanlarının məzmunu, müəyyən metodiki məsələlər, habelə TQDK ilə əməkdaşlıq barədə olmuşdur. Düşünürəm ki, belə qəbullar təkcə müəllimlər üçün deyil, TQDK-nın rəhbər və əməkdaşları üçün də çox faydalıdır.
Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şəkidə bölgə vətəndaşlarının qəbulu zamanı jurnalistlərə müsahibəsində demişdir.
Artıq bir neçə ildir ki, qəbul imtahanlarının regionlarda, o cümlədən Şəkidə də uğurla keçirildiyini diqqətə çatdıran qurumun rəhbəri, bu prosesdə Şəkinin pedaqoji ictimaiyyətinin, nəzarətçi müəllim və imtahan rəhbərlərinin də çox yaxından iştirak etdiklərini vurğulamışdır. Məleykə Abbaszadə demişdir: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müxtəlif rayonlarda işləyən müəllimləri hər il ümumi, metodiki və təşkilati işlərə cəlb edir. Eyni zamanda, regionlarda yaşayan müəllimlərin internet və xüsusi bağlantı ilə TQDK-da keçirilən bütün elmi-metodiki müzakirələrdə iştirak etmək imkanı vardır. Təbii ki, biz müəllimlərin işimizə verdikləri töhfələri və təklifləri məmnuniyyətlə qəbul edir və çalışırıq ki, onları maraqlandıran məsələləri, sualları vaxtında cavablandıraq”.

Keçidlər