Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında yeni tamaşalar hazırlanır

10 dekabr 2013 | 16:00

Əsalı təmir və yenidənqurma işlərindən sonra qapılarını yenidən sənətsevərlərin üzünə açan Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yaradıcılıq işi əvvəlki axarı ilə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 25 noyabr tarixli Sərəncamına əsasən, zəngin ənənələri olan bu sənət ocağının binasında 2012-ci ilin martında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış, bina müasir standartlar səviyyəsinə çatdırılmışdır.
Hazırda teatrda repertuarda olan əvvəlki tamaşalar bərpa olunur, yeniləri hazırlanır.
Teatrın direktoru Hikmət Nəbili bildirmişdir ki, ispan dramaturqu Xose Eceqarayın “Mahir aradüzəldənlər” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər artıq başa çatmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssam Söhrab Ərəbov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rollar Əməkdar artistlər Qəmər Məmmədova, İqrar Salamov, aktyorlar Rəhim Qocayev, Xanlar Həşimzadə, Akif Yusifov və başqaları ifa edirlər. Yeni tamaşa dekabrın sonunda teatrsevərlərə təqdim olunacaqdır.
Yaradıcı kollektiv, eyni zamanda, məktəblilərin qış tətili günlərinin mənalı və səmərəli keçməsi üçün Mehman Musabəylinin “Ayı tək qalanda” nağıl-tamaşa üzərində məşqləri davam etdirir.
Teatrın repertuarına, həmçinin Jan Batist Molyerin “Aldadılmış ər”, “Xəsis”, Əbdürəhim bəy Haqverdiyevin “Pəri cadu”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” və digər tamaşalar daxildir.
Hikmət Nəbilinin bildirdiyinə görə, Şəki teatrı gələn ilin aprelində Türkiyənin Adana və Konya, Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərlərində keçiriləcək beynəlxalq teatr festivallarına da dəvət almışdır.

Keçidlər