İnsanların artıq gələcək haqqında düşünmələri bizi çox sevindirir
Bu, bizim müxtəlif bölgələrdə vətəndaşlar üçün keçirdiyimiz sayca on birinci qəbuldur. Sevinirəm ki, görüşdən-görüşə bizə edilən müraciətlər, verilən təkliflər, müzakirə olunan məsələlər daha da genişlənir. İlk qəbullarda insanlar daha çox fərdi məsələlərlə bağlı müraciətlər edirdilərsə, artıq bizə ünvanlanan müraciətlər, verilən təkliflər daha çox regionun inkişafı ilə bağlı, bu bölgəyə daha çox insanların gəlməsi, adət-ənənələrin qorunması, həmçinin inkişafa, tərəqqiyə doğru atılacaq addımlar barədə olur. İnsanların artıq gələcək haqqında düşünmələri bizi çox sevindirir.
Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Şəkidə vətəndaşların qəbulundan sonra jurnalistlərə müsahibəsində bildirmişdir.
Əbülfəs Qarayev demişdir: “Şəkidə də, digər bölgələrdə də Azərbaycan Prezidentinin regional inkişafla bağlı təsdiq etdiyi dövlət proqramlarında bir çox məsələlər öz həllini tapmışdır. Eyni zamanda, mədəniyyət sahəsində də mühüm işlər görülmüşdür. Qəbul zamanı bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı, tarixi abidələrin qorunması, yeni turizm informasiya mərkəzlərinin yaradılması ilə bağlı çox dəyərli təkliflər, müraciətlər olundu. Biz onların üzərində işləyəcək, həllinə nail olacağıq”.