Kənd təsərrüfatı naziri Şəki şəhərində vətəndaşları qəbul etmişdir
Dekabrın 20-də kənd təsərrüfatı naziri Heydər Əsədov Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində Şəki şəhərindən, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nazirliyin strukturuna daxil olan idarə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri qəbulda 60-dan artıq vətəndaşın müraciət və təklifləri dinlənilmişdir.
Müraciətlərin böyük bir qismi taxılçılıq təsərrüfatlarının şum, səpin və biçin zamanı qarşılaşdıqları problemlərlə bağlı olmuşdur. Fermerlər mineral gübrələrin qiymətlərinin aşağı salınması, zərərvericilərə qarşı istifadə etdikləri dərman və preparatların keyfiyyətinin aşağı olması, texniki təchizat, “Aqrolizinq” ASC-nin yerli filiallarına mövcud texnika üçün ehtiyat hissələrin gətirilməsi, subsidiyaların vaxtında verilməsi, güzəştli kreditlərin alınması, verilən kreditlərin müddətinin uzadılması, icarəyə götürülən istismar müddətini başa vurmuş texnikaların fermerlərə bağışlanması və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Qəbulda, həmçinin süni mayalanma ilə alınan buzovların bəslənməsi üçün subsidiyaların verilməsi, süni mayalandırma texnikləri üçün əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən aqrar bankın yaradılması, çayçılığın inkişafı üçün dövlət dəstəyi, müasir suvarma sistemlərinin alınması və quraşdırılması, üzümçülüyün, meyvəçiliyin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir.
Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Qəbuldan sonra kənd təsərrüfatı naziri Heydər Əsədov və nazirliyin nümayəndələri “Şəki Aqro İndastris” Məhdud Məsuliyyətli Cəmiyyətin heyvandarlıq təsərrüfatında olmuşlar. Onlar təsərrüfatın tövlələrində istehsalata tətbiq edilən mütərəqqi texnologiyalarla tanış olmuş, inəklərin yemləndirilməsi, sağılması, buzovların bəslənməsi və digər prosesləri izləmiş, emal sexlərinə baş çəkmişlər.