Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əsədov: Yaxın vaxtlarda kənd təsərrüfatında islahatların yeni mərhələsinə başlamaq fikrindəyik

22 dekabr 2013 | 16:00

Yaxın vaxtlarda kənd təsərrüfatında islahatların yeni mərhələsinə başlamaq fikrindəyik. Hesab edirəm ki, belə görüşlər bizim üçün çox əhəmiyyətlidir. Belə qəbullar həm işimizin düzgün qurulmasında, həm də kənd adamlarının tələbatının öyrənilməsində əhəmiyyətli rol oynayır. Vətəndaşlarla bu gün keçirdiyimiz qəbulda ən mütərəqqi hal ondan ibarət idi ki, burada qanunvericiliyin, müvafiq qaydaların təkmilləşdirilməsi üçün xeyli optimal təkliflər verildi. Hesab edirəm ki, burada qaldırılan məsələlərin gələcəkdə işimizin daha da yaxşılaşmasına köməyi olacaqdır.
     Bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov Şəkidə vətəndaşları qəbul etdikdən sonra jurnalistlərə müsahibəsində bildirmişdir.
    Gələn il aqrar sahədə subsidiyalar üçün dövlət büdcəsindən 131 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu diqqətə çatdıran nazir subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Heydər Əsədov bildirmişdir ki, bu işdə müəyyən problemlər, sui-istifadə halları vardır. Bunlar ciddi şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcəkdir.
    Kənd təsərrüfatına xidmət sahəsində qiymətlərin tənzimlənməsi məsələsinə toxunan nazir demişdir: “Qeyd etmək istəyirəm ki, göstərdiyimiz xidmətlərin maya dəyərinin qalxmasına baxmayaraq, biz xidmətlərin qiymətini artırmayacağıq. Nazirlik olaraq, bunu öz öhdəmizə götürmüşük”.

Keçidlər