Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır

22 dekabr 2013 | 16:00

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır.
    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparmışdır. Builki yarışlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak etmişlər.
    Dekabrın 20-də Atçılıq Turizm Mərkəzində yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.
    Tamaşaçılar əvvəlcə Bakı-1 və Bakı-2 komandaları arasında çövkən oyunu üzrə final qarşılaşmasını izləmişlər. Bakı-2 komandası rəqiblərini 2-1 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını qazanmışdır. 3-cü yeri Ağdam komandasına 3:2 hesabı ilə qalib gələn Şəki komandası tutmuşdur.
     Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən təmsilçiləri 1-ci yerə sahib çıxmışlar. Sonrakı yerləri Laçın və Ağcabədi rayonlarının komandaları tutmuşlar. İsmayıllı komandası papaq, Yevlax komandası yaylıq, Daşkəsən komandası isə atüstü güləş yarışlarının qalibi adını qazanmışlar.
     Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən milli oyununun qalibi Bakı-2 komandasına isə yarışların baş mükafatı – prezident Kuboku təqdim edilmişdir.
     Sonda yarış iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətin mətni:

Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən Prezident  Kuboku uğrunda VIII Çövkən Milli Oyunları iştirakçıları adından  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə
MÜRACİƏT
 

Əziz və Möhtərəm Prezidentimiz!
Artıq səkkizinci ildir ki, Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində hər ilin may və dekabr aylarında, müvafiq olaraq Ulu Öndərimizin xatirəsinə həsr olunmuş  Atüstü Milli Oyunlar  Festivalı və Prezident Kuboku uğrunda Çövkən Milli Oyunları keçirilir.
Biz, ölkəmizdə aparılan qlobal islahatların və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü keyfiyyət  dəyişikliklərinin baş verdiyi, müstəqil Azərbaycanımızın öz inkişaf tempinə görə bütün dünyada lider dövlətə çevrildiyi bir zamanda yaşayırıq. Respublikamız tarixi şəraitin və müasir dövrün diqtə etdiyi mürəkkəb proseslərin fonunda öz dövlət müstəqilliyini möhkəmləndirməklə yanaşı, eyni zamanda iqtisadi qüdrətinə görə Cənubi Qafqaz regionunun aparıcı dövlətinə  çevrilmişdir.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında təbiidir ki, xalq milli oyunları da ön cərgələrdə yer tutur.
Müstəqil  Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev cəmiyyət həyatının bütün sahələrində milli özünəqayıdışa, əcdadlarımızdan bizə miras qalmış zəngin maddi və mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə etmiş, azərbaycançılıq  ideologiyasının formalaşmasında bunların aparıcı faktorlar olduğunu hər daim xatırlatmışdır.
Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahələrə marağın oyadılması və kütləviliyinin artırılması məhz Ulu Öndərin arzu və istəklərinin gerçəkləşdirilməsi  zərurətindən irəli gəlir.
Belə ki, 05-07 dekabr 2013-cü il tarixlərdə Bakı şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitənin 8-ci sessiyasında  “Çövkən”  ənənəvi  Qarabağ  atüstü oyunu YUNESKO-nun  “Təcili  qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilmişdir.
Biz, Prezident kuboku uğrunda VIII Çövkən Milli Oyunlarının iştirakçıları böyük məmnunluq hissi ilə qeyd edirik ki, yüksək səviyyədə təşkil edilən və yarış iştirakçıları üçün hər cür şərait yaradılan bu möhtəşəm milli oyunlar bayramı ildən-ilə daha kütləvi xarakter alır. Bu, özünü həm iştirakçı komandaların sayında, həm də onların yarışdıqları qədim milli atüstü xalq oyunlarının say çoxluğunda göstərir.
Biz, həmçinin bu qəbildən olan dəyərlərimizin dirçəldilməsini yeniyetmə və gənclərin  hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolunu qeyd etməklə yanaşı, yarışlara olan marağın getdikcə artdığını, bu oyunları artıq minlərlə tamaşaçının izlədiyini böyük razılıq hissi ilə ifadə edirik.
Böyük məmnunluq hissi ilə bildiririk ki, ulu əcdadlarımızın bizə miras olaraq qoyub getdiyi mənəvi sərvətləri yaşatmaq və təbliğ etmək missiyası bizim nəslin payına düşür. Bu mənada biz, üzərimizə düşən məsuliyyət hissinin böyüklüyünü və vacibliyini yaxşı dərk edir, keçmiş nəsillərdən bizə əmanət qalan milli dəyərlərimizi dirçəltməyi və onları gələcək nəsillərə daha təkmil bir formada təqdim etməyi özümüzün başlıca vəzifəsi və vətəndaşlıq borcu kimi qəbul edirik.
Biz gələcəyə, o cümlədən xalqımızın milli-mənəvi dəyərlərinin gələcəyinə böyük nikbinlik və inam hissi ilə baxırıq. Bu nikbinliyi və inamı yaradan isə dövlətimizin, dövlətçiliyimizin və vətəndaşlarımızın sınanmış və etibarlı qarantı olan Möhtərəm Prezidentimizdir!
Əziz və Möhtərəm Prezidentimiz!
İcazə verin, VIII Çövkən Milli Oyunları iştirakçıları adından Sizi əmin edək ki, biz bundan sonra da xalqımızın milli-mənəvi dəyərlərinin təbliği və inkişafı naminə bütün səy, qüvvə və bacarığımızı sərf edəcəyik.
Möhtərəm  Prezidentimiz!
Sizə doğma Azərbaycanımızın daha da tərəqqisi və çiçəklənməsi naminə möhkəm cansağlığı arzulayırıq!

               Şəki, 20 dekabr 2013-cü il.
(Müraciət Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident kuboku uğrunda VIII Çövkən Milli Oyunlarının iştirakçıları olan Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Laçın, Oğuz, Zaqatala şəhər və rayonlarının komandaları tərəfindən qəbul edilmişdir).

Keçidlər