Şəkidə “Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dekabrın 20-də Bakıda “Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” mövzusunda keçirilən beynəlxalq konfrans dekabrın 21-də öz işini Şəki şəhərində davam etdirmişdir.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Yunus İmrə Türk Kültür Mərkəzi, Gəncliyə Yardım Fondu və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən konfrans Mövlana Cəlaləddin Ruminin vəfatının 740-cı ildönümü və Seyid Yəhya Şirvaninin (Bakuvi) 550 illik yubileyinə həsr olunmuşdur.
“Şəki-Palas” otelinin konfrans zalında keçirilən tədbirdə qeyd olunmuşdur ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Azərbaycanın dünya şöhrətli filosof alimlərindən və şairlərindən biri olan Seyid Yəhya Şirvaninin 550 illik yubileyinin dünya səviyyəsində qeyd olunması haqqında qərar qəbul edilmişdir. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü il “Seyid Yəhya Şirvani (Bakuvi) ili” elan edilmişdir.
Bildirilmişdir ki, Azərbaycan təsəvvüfünün yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən olan Seyid Yəhya Şirvaninin yenidən təsis və inkişaf etdirdiyi Xəlvətiyyə təriqəti XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş yayılmışdır. Seyid Yəhya İslam dininin ümdə prinsiplərinin dərin mənalarının kəşfinə xidmət edən bir düşüncə sistemi yaratmağa müvəffəq olmuşdur.
Konfransda Türkiyənin Mərmərə Universitetindən professor Necdet Tosunun “Mövlanadan Yəhya Şirvaniyə irfan yolu”, Kayseri Erciyes Universitetindən Osman Nuri Küçükün “Mövlananın təlimlərində insan yetişdirmə sənəti”, Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet Rihtimin “Azərbaycandan Anadoluya Seyid Yəhya Şirvani məktəbi” mövzularında elmi məruzələri dinlənilmiş, çıxışlar olmuşdur.
Tədbir çərçivəsində konfrans iştirakçıları “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəssam, xəttat, heykəltəraş, fotoqraf və digər sənətkarlar arasında “Seyid Yəhya Şirvani və təsəvvüf” mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfrans iştirakçılarına Seyid Yəhya Şirvani haqqında kitab, habelə “Miras” elmi-kütləvi jurnalının böyük mütəfəkkirə həsr olunmuş xüsusi nömrəsi hədiyyə edilmişdir.