Şriftin ölçüsü :

Saytın rəngi :

“Kanal S” beş yaşını qeyd etmişdir

30 dekabr 2013 | 16:00

2008-ci ilin dekabrında Şəkidə fəaliyyətə başlayan və Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan “Kanal S”-in yaranmasından 5 il ötür.
Dekabrın 29-da Şəki Dövlət Dram Teatrında telekanalın yaranmasının 5 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, kanalın yayımlandığı rayonlardan gəlmiş qonaqlar, ölkəmizdə fəaliyyət göstərən regional televiziya kanallarının, xarici ölkə səfirliklərinin təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rəsmi hissədən əvvəl foyedə telekanalın yeni loqotipinin təqdimat mərasimi olmuşdur. Mərasimdə ətraf rayonların yerli icra icra hakimiyyəti orqanlarının məsul nümayəndələri, regional telekanalların təhbərləri, xarici ölkə səfirliklərinin təmsilçiləri çıxış edərək “Kanal S”-in kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmişlər. Telekanalın rəhbərliyinə xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra yubiley tədbiri teatrın geniş tamaşaçı salonunda davam etmişdir. Gecənin aparıcıları tanınmış teleaparıcı Sabir Ələsgərov və Xalq Artisti Həmidə Ömərova “Kanal S”-in 5 illik fəaliyyətinin ən müxtəlif məqamlarını göz önünə gətirmişlər.
Bildirilmişdir ki, telekanalın kollektiv bu əlamətdar günü böyük həyəcan və sevinc hisləri ilə qarşılayırlar. Əlbəttə ki, kollektivin bu sevinci yaşamağa haqqı vardır. Bu müddət ərzində “Kanal S” böyük inkişaf yolu keçmişdir. 2008-ci il dekabrın 29-da 40-a yaxın əməkdaşla ilk qədəmlərini atmağa başlayan televiziyada indi 180 nəfərlik təcrübəli və bacarıqlı kollektiv çalışır. Əksəriyyətini gənclər təşkil edən bu kollektiv daha böyük zirvələri fəth emək ümidindədir.
Qeyd olunmuşdur ki, fəaliyyətə başladığı ilk günlər yalnız Şəki rayonu ərazisində yayımlanan “Kanal S” çox keçmir ki, digər bölgələrə də üz tutur. Şəkinin Təpəcənnət və Zaqatala rayonunun Danaçı kəndlərində, eləcə də İsmayıllı rayonu ərazisində yeni ötürücülərin quraşdırılması sayəsində hazırda “Kanal S”-in yayımı ölkənin təxminən 65 faiz ərazisini əhatə edir. Telekanalın 2012-ci ildə yaradılmış saytı keyfiyyət və dizayn baxımından cəlbedici olmaqla gündəlik həyatımızda baş verən hadisələri, eləcə də televiziyanın fəaliyyətindəki yenilikləri işıqlandırmaqla geniş istifadəçi kütləsi toplaya bilmişdir. Diqqətə çatdırılmışdır ki, bu sayt vasitəsi ilə dünyanın istənilən nöqtəsindən “Kanal S”-in yayımını canlı izləmək mümkündür. Telekanalın daha bir uğuru 2013-cü ildən “Android” sistemini dəstəkləyən telefon və planşetlərdə efirin rahat yayımının təşkili olunmasıdır. Müddət ərzində yeni-yeni layihələrilə tamaşaçıların qarşısına çıxan telekanalın “Xəbərlər” buraxılışı daim yenilənərək izləyicilərinə dolğun, operativ informasiyanın çatdırılmasını təmin edir. Telekanalın Qax, Zaqatala, Qəbələ, İsmayıllı, Şamaxı və Ağdam rayonlarında fəaliyyət göstərən müxbir məntəqələri vasitəsilə respublikanın əksər bölgələrindən xəbər və hadisələrin operativ şəkildə çatdırılması təmin olunur. Bundan əlavə, regional kanallarla faydalı əməkdaşlıq çərçivəsində hazırda “Kanal S”-in verilişləri vahid şəbəkə vasitəsilə eyni vaxtda 6 region kanalında yayımlanır.
Yubiley tədbirində Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev, tanınmış sənətçilər çıxış edərək regional televiziya kanalının qazandığı uğurlar barədə danışmış, kollektivə gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan “Kanal S” nəinki Şəkinin, eləcə də əhatə etdiyi rayonların qədim tarixinin, zəngin mədəni irsinin, mədəniyyətinin, iqtisadiyyatının təbliğ olunmasında olduqca yaxından iştirak edir.
Şəhər İcra Hakimiyyəti adından kanalın rəhbərliyinə yubileylə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra tədbir iştirakçıları kanalın əməkdaşlarının ifasında “Kanal S”-in yeni bəstələnmiş himnini dinləmişlər.
Yubiley tədbiri “Natiq ritm qrupu”nun maraqlı konsert proqramı ilə başa çatmışdır.

Keçidlər