Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki qış fəslində də turistləri özünə cəlb edir

07 yanvar 2014 | 16:00

Qədim tarixə, bənzərsiz təbiətə, malik olan, milli mətbəxi ilə məşhur olan Şəki ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Elə buna görə də Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır.
     Son illər Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yeni mehmanxanalar, istirahət mərkəzləri inşa edilmiş, yollar salınmış, körpülər tikilmişdir. Hazırda Şəkidə genişmiqyaslı tikinti-abadlıq işləri görülür. Küçə və prospektlər, meydan və xiyabanlar öz simasını dəyişir, gözəlləşir.
     Hazırda rayonda 20-ə yaxın turizm və istirahət mərkəzləri fəaliyyət göstərir. Bəs görəsən bu obyektlər Yeni ilin gəlişi və qış tətili günlərinə necə hazırlaşmışlar, turistlərə necə xidmət göstərilmişdir? Bu suallara cavab tapmaq üçün AzərTAc-ın müxbiri Şəkidə fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində olmuşdur.
     Müasir standartlara uyğun inşa edilən və 2013-cü ilin sentyabrında istifadəyə verilən “Şəki Palas” otelində 110 yerlikdir. Bayram günlərində oteldə boş yer qalmamışdır. Qiymətlər səhər və nahar yeməkləri də daxil olmaqla bir nəfər üçün 50 manat təşkil etmişdir. Bayram paketinə adi günlərdən fərqli olaraq nahar yeməyi də daxil olunmuşdur. Otelin meneceri Şahin Məmmədlinin bildirdiyinə görə, Yeni il gecəsində istirahət edənlər arasında Birləşmiş Ərəb Əmirliklərindən, Türkiyə, İngiltərə və başqa xarici ölkələrdən gəlmiş qonaqlar da olmuşdur. Hazırda oteldəki qalanların əksəriyyətini respublikamızın müxtəlif şəhər və rayonlarından gəlmiş yerli turistlərərdr.
Kiş kəndində, dağlıq ərazidə yerləşən “Cənnət bağı” istirahət mərkəzində də qış tətili günlərinə ciddi hazırlıq görülmüşdür. Mərkəzin direktoru Abid Salahovun dediyinə görə, mərkəzdə hər biri iki otaqlı 19 kottec fəaliyyət göstərir. Kotteclərin hər biri 4-5 nəfərlikdir. Yay aylarında istirahət mərkəzində qələbəlik olsa da, qışda havaların şaxtalı keçməsi səbəbindən turistlərin sayı nisbətən azalmışdır. Adi günlərdən fərqli olaraq qış tətili günlərində burada hər kottec üçün qiymətlər 2 dəfə azaldılaraq 100 manatdan 50 manata endirilmişdir. Nəzərə alsaq ki, kotteclərin hər birində 4-5 nəfər yaşaya bilir, qiymətlərin xeyli aşağı olduğu aydın görünür. Burada dincələn turistlər də qiymətlərin çox sərfəli olduğunu bildirirlər.
     Bu ərazidə fəaliyyət göstərən “Ümid”, “Narın qala” və digər istirahət mərkəzlərində də turistlərin qış tətili günlərinin maraqlı və şən keçməsi üçün bütün tədbirlər görülmüşdür.
Yeni ilin gəlişi və qış tətili ilə əlaqədar Şəkiyə turist axınının artmasını nəzərə alaraq şəhərdəki muzeylər, həmçinin Şəki xanlarının sarayı, Yuxarı Karvansaray mehmanxana kompleksi və digər turist obyektləri fasiləsiz iş rejimində işləyirlər. “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu da turistləri özünə cəlb edir. Yerli və xarici turistlər milli yeməklərdən olan “Şəki pitisi”nə, habelə “Şəki paxlavası” və digər şirniyyat növlərinə böyük maraq göstərirlər.

Keçidlər