Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə hind toyuğu əti istehsal edəcək quşçuluq kompleksi yaradılacaqdır

09 yanvar 2014 | 16:00

Azərbaycanda ilk dəfə olaraq Şəkidə İsrail şirkətlərinin layihəsi əsasında hind toyuğu əti istehsal edəcək iri quşçuluq kompleksi yaradılacaqdır.
Yanvarın 8-də Şəki Olimpiya İdman Kompleksinin konfrans zalında sözügedən layihənin təqdimat mərasimi olmuşdur.
Şəhər rəhbərliyinin və İsraildən gəlmiş mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ölkə əhalisinin keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır. Bildirilmişdir ki, Şəkidə belə bir kompleksin fəaliyyətə başlaması quş əti məhsullarının istehsalının artırılmasına, daxili bazarın yüksək keyfiyyətli və ekoloji təmiz məhsullarla təmin olunmasına, həmçinin yeni iş yerlərinin açılmasına imkan verəcəkdir.
Layihə barədə məlumat verən İsraildən gəlmiş mütəxəssislər qrupunun rəhbəri Elbert Karmi bildirmişdir ki, ildə 5 min 130 ton hind toyuğu əti istehsal edəcək kompleks inqubator, quşçuluq fermaları, kəsim və ilkin emal sexləri, yem fabriki və yardımçı istehsal sahələrindən ibarət olacaqdır. Müəssisənin yem tələbatını ödəmək üçün tələb olunan 14 min ton yem məhsullarının 40 faizini qarğıdalı, 60 faizini isə buğda və digər dənli bitkilər təşkil edəcəkdir. Şəkinin iri taxılçılıq rayonlarından biri olması bu problemin həllinə müsbət təsir göstərəcək, fermerlər istehsal etdikləri məhsulu razılaşdırılmış qiymətlərlə müəssisəyə sata biləcəklər. Quşçuluq kompleksində 200 nəfərədək yerli sakin işlə təmin olunacaqdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün israilli mütəxəssislərin iştirakı ilə Şəki rayonunda 8 müxtəlif ərazi seçilmişdir. Təlimata uyğun olaraq yaşayış məntəqələrindən bir qədər aralıda, magistral avtomobil yolunun kənarında, dəmir yolu stansiyasının yaxınlığında yerləşən bu ərazilər, eyni zamanda, elektrik, təbii qaz, su və digər zəruri infrastrukturla da təmin olunmuşdur.
Hazırda quşçuluq kompleksinin layihələndirilməsi istiqamətində işlər davam etdirilir.

Keçidlər