Şəkidə “Böyük səhnə” layihəsinin seçim turu keçirilmişdir
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə respublikamızda keçirilən “Böyük səhnə” gənc ifaçıların Milli Musiqi Televiziya müsabiqəsinin Şəki-Zaqatala bölgəsi üzrə seçim turu yanvarın 11-də Şəki Musiqi Kollecində baş tutmuşdur.
Müsabiqənin zona mərhələsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından 20-dən artıq ifaçı öz istedadını nümayiş etdirmişdir. İfaçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Zona seçim turunda fərqlənən 4 ifaçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanmışdır.
Əlavə olaraq bildiririk ki, layihənin şərtləri və gündəliyinə uyğun olaraq, yanvarın 9-dan Azərbaycanın iri şəhərlərində müsabiqənin ilkin dinləmə mərhələsi başlanmışdır. Seçim turları yanvarın 13-dək davam edəcəkdir. İctimai Televiziyada yayımlanacaq musiqi layihəsinin qalibi Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcəkdir.