20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəzinə ucalmışlar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
Bu fikirlər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumrayon tədbirində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənovun məruzəsində səslənmişdir.
Şəhər rəhbərliyi, əmək kollektivləri və ictimaiyyətin nümayəndələri, müharibə veteranları, məktəbli və gənclər səhər saatlarından etibarən “Şəhidlər xiyabanı”na gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə əklil qoymuş, qərənfillər düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Ümumşəhər mitinqində çıxış edənlər Azərbaycan tarixinə “qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilmişdir. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.
Mərasimdə çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, müvafiq fərman və sərəncamlar imzalanır.
Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunmuş, saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.