Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir

24 yanvar 2014 | 16:00

23 yanvar 2013-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Şəhər icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Həsənov yığıncaqda hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, icra hakimiyyəti başçısının 2012-ci il 7 dekabr tarixli sərəncamı ilə yaradılan və 2013-cü ilin yanvarından tam tərkibdə formalaşaraq fəaliyyətə başlayan nümayəndəlik öz işini şəhərin müvafiq xidmət qurumları ilə əlaqəli şəkildə qurur. Sakinlərin tələb və təkliflərini öyrənmək məqsədi ilə nümayəndəlik tərəfindən il ərzində 12 yaşayış məhəlləsində səyyar qəbullar keçirilmiş və vətəndaşların müraciətləri dinlənilmişdir. Bu müraciətlər əsasən yolların təmiri, içməli su probleminin həlli, enerji təminatı, sosial yardımların verilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qeyd olunmuşdur ki, hesabat dövründə şəhər əhalisinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün müvafiq işlər görülmüş, fərdi həyətlərdən keçən qaz xətləri küçəyə çıxarılmış, istismar müddəti başa çatmış 5250 ədəd qaz sayğacı yenilənmişdir. Həmçinin Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər başa çatmışdır. Layihə üzrə işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.
Bildirilmişdir ki, 2013-cü ildə şəhər ərazisində yeni işıqlandırma sisteminin yaradılması və mövcud işıqlandırma sisteminin təmiri istiqamətində işlər davam etdirilmiş, prospekt və küçələrdə müasir işıq dirəkləri qoyulmuşdur. Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə şəhərin müxtəlif məhəllələrində yeni transformator yarımstansiyaları quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2013-cü ilin Şəkinin iqtisadi və mədəni həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğunu bildirmişdir. Füsunkar təbiəti, qədim tarixi abidələri ilə məşhur olan Şəkinin respublikanın turizm mərkəzlərindən birinə çevrildiyini vurğulayan icra hakimiyyətinin başçısı, ötən il rayona 100 min nəfərə yaxın turistin gəldiyini, şəhərdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdırmışdır. E.Usubov qeyd etmişdir ki, bu baxımdan qarşıda yeni vəzifələr durur. Xüsusən küçə və prospektlərin, şəhərin mərkəzindən axan çayların məişət tullantılarından təmizlənməsi, park və meydanlarda səliqə-sahman yaradılması, eyni zamanda şəhərin işıqlandırılması, yaşıllıqların qorunması ən vacib məsələlərdəndir.
Yığıncaqda, həmçinin əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi və təbii qazla təminatının daha da yaxşılaşdırılması sahəsində nəzərdə tutulan tədbirlərdən, yerli hakimiyyət orqanlarının qarşısında duran digər vəzifələrdən bəhs olunmuşdur.

Keçidlər