Şəkili gənclər virus hepatitlərinə yoluxmaya qarşı maarifləndirilirlər
“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərindəki “Uluçay” Sosial İnnovasiya Mərkəzinin akt zalında “Gənclər arasında sağlamlıq maarifi: profilaktika müalicədən daha üstündür” mövzusunda seminar keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında virus hepatitlərinə yoluxmanın qarşısını almaq və yoluxma hallarında düzgün davranış qaydalarını təbliğ etməkdir.
Tələbə-gənclərin, QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə İctimai Birliyin təmsilçiləri Valeh Rüstəmov və Ceyhun Sanıyev çıxış edərək seminarın əsas hədəfinin gələcəkdə aparılacaq maarifləndirmə tədbirləri üçün informativ məlumatların verilməsindən ibarət olduğunu diqqətə çatdırmışlar.
Məlumat verilmişdir ki, dünyada 500 milyona yaxın xroniki hepatit C və B xəstəsi vardır. Bu göstərici İİV/QİÇS-ə yoluxanların sayından 10 dəfə çoxdur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, yaşa dolan zaman rast gəlinən ölümlərin 70 faizinin səbəbi yeniyetməlik və gənclik dövründə inkişaf etdirilən yanlış davranışlardır. Yeniyetməlik və gənclik dövründə rast gəlinən əsas patologiyalara vərəm, malyariya, QİÇS, dəri-zöhrəvi xəstəlikləri, virus hepatitləri, bəzi anadangəlmə xroniki xəstəlikləri, arzuedilməz hamiləliyin, alkoqol və narkotiklərin törətdikləri fəsadları nümunə göstərmək olar.
Bildirilmişdir ki, gənclər üçün ən təhlükəli xəstəliklərdən biri də virus hepatitləridir. Təəssüf ki, bu gün dünya əhalisinin hər 12 nəfərindən biri hepatit C və hepatit B virusunun daşıyıcısıdır. İnsanların çoxunun bu viruslara yoluxmasından xəbəri olmur. Virus hepatitlərini “gizli ölüm” də adlandırılır. Düzgün qurulmuş maarifləndirmə işi gəncləri belə ölümlərdən qoruya bilər. Bu məqsədlə cəmiyyətin ictimai fəal hissəsinin köməyi ilə virus hepatitlərinə yoluxmaya qarşı səmərəli mübarizə üsulları seçilməlidir.
Seminarın sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.