Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin qəsəbə və kəndlərində hesabat yığıncaqları keçirilir

25 yanvar 2014 | 16:00

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qrafikə əsasən rayonun qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2013-cü ilin yekunlarına dair hesabat yığıncaqları davam edir. Növbəti yığıncaq yanvarın 24-də Aşağı Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilmişdir. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, şəhər rəhbərliyi, inzibati əraziyə daxil olan kəndlərinin sakinləri iştirak etmişlər.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Əfqan Əliyevin 2013-cü ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər ətraflı təhlil olunmuş, problemlərə toxunulmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, inzibati əraziyə daxil olan 4 kənddə 5946 nəfər əhali yaşayır. Nümayəndəliyin ərazisində 2 bələdiyyə fəaliyyət göstərir. 2013-cü ildə nümayəndəliyin ərazisində sahə xəstəxanası, Aşağı Layısqı kəndində tam orta məktəb üçün dövlət vəsaiti hesabına 360 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Bundan əlavə, ötən il ərazidə 2 ədəd artezian quyusu qazılmış, yaşayış məntəqələrinin sel sularından mühafizəsini təmin etmək məqsədi ilə Şin çayı hövzəsində beton bəndin tikintisinə başlanılmışdır. Yenidən qurulan Şəki-Qax magistral avtomobil yolunun istifadəyə verilməsi əhalinin rifahının daha da yaxşılaşmasına müsbət təsirini göstərməkdədir.
Yığıncaqda çıxış edən sakinlər əhalinin sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, eyni zamanda qarşılaşdıqları problemlərə toxunmuşlar. Məlum olmuşdur ki, Aşağı Göynük və ətraf kəndlərin qazlaşdırılması, kənddəki mədəniyyət evinin əsaslı təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlərin yenilənməsi, yeni artezian quyularının qazılması, kənddaxili yolların təmiri sakinləri daha çox narahat edən məsələlərdəndir.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışlar.

Keçidlər