Şəki şəhər 11 nömrəli tam orta məktəbin müəllimi TQDK-nın fəxri fərmanına layiq görülmüşdür
24 yanvar 2014-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında vəzifələrinin öhdəsindən layiqincə gələn nəzarətçi-müəllimlərin təltif olunması ilə əlaqədar tədbir keçirmişdir.
Tədbirə videobağlantı vasitəsilə Naxçıvan, Gəncə və Şəki regional bölmələri də qoşulmuşlar. TQDK-nın Şəki Regional Bölməsində videobağlantıda Şəki şəhər Təhsil şöbəsinin, şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlər iştirak etmişlər. Ümumilikdə ölkə üzrə 500 nəfərdən çox nəzarətçi-müəllimin fərqləndiyi siyahıda 26 nəfər fəxri fərmanla təltif olunmuşdur ki, onlardan biri də Şəki şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Abdullayeva Xatirə Xalid qızıdır. Fəxri fərmanla yanaşı regional bölmə tərəfindən X.Abdullayevaya TQDK-nın nəşrləri və digər hədiyyələr də təqdim edilmişdir.
Sonda nəzarətçi-müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə öz minnətdarlıqlarını bildirmişlər.